“Arvadımın kişilərlə evdə görüşməsinin, əxlaqsız sözlərlə danışmasının şahidi olmuşam” — TƏFƏRRÜAT

HADİSƏ 20 noyabr 2024, 19:24
Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Əfsanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhər, H.Zeynalabdin Tağıyev qəsəbəsi, 5-ci məhəllə ərazisində baş verib. 

Əsəd birgə yaşadıqları fərdi evdə keçmiş arvadı Əfsanə ilə aralarında ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı onu döyüb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Əfsanə ilə 2006-ci ildə ailə qurub, birgə nikahlarından iki azyaşlı övladları var: 

“Ailə qurduqdan sonra normal münasibətlərimiz olmayıb. 2013-cü ildə rəsmi qaydada boşanmağımıza baxmayaraq birgə yaşayırıq. Son vaxtlar Əfsanə uşaqlarımın adına xələl gətirəcək hərəkətlər etdiyini gördüm. Dəfələrlə Əfsanənin evdə ayrı-ayrı kişilərlə telefonla danışaraq görüşdüyünün şahidi olmuşam. Lakin uşaqlarıma görə Əfsanəyə bir söz deməmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə saat 19 radələrində işdən gələn zaman sakit həyətə daxil olub: 

“Bu zaman Əfsanənin gülümsəyərək kiminləsə telefonla danışdığını gördüm, onu dinlədim. Əfsanə kiminləsə əxlaqsız formada danışaraq gülürdü. Mən özümü saxlaya bilmədim, qapını bərkdən döydüm. Əfsanə qapını açdıqda ona kiminlə danışmağından xəbərdar olduğumu bildirdim. Əfsanə heç nə demədən səs-küy salmaq istədikdə əsəbləşdim. Əlim ilə onun sifətinə, ağzına, gözünə vurdum. Saçından tutaraq yerə yıxdım, sonra isə evdən çıxaraq getdim. Sonradan Əfsanənin barəmdə şikayət etməsini öyrəndim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əfsanənin sözlərinə görə, təqsirləndirilən Əsədlə 2006-cı ildə evlənib, birgə nikahlarından iki azyaşlı övladları var: 

“Ailə qurduqdan sonra münasibətlərimiz normal olmadığı üçün 2013-cü il tarixdə rəsmi qaydada boşandıq. Lakin yaşadığımız evi birgə tikdiyimiz üçün eyni evdə, ayrı-ayrı otaqlarda yaşayırıq. Birgə nikahdan olan azyaşlı uşaqlarımız mənim himayəmdədir”.

Zərərçəkmiş bildirib ki, hadisə günü, saat 19 radələrində  evdə olan zaman qapının döyüldüyünü eşidib: 

“Mən qapını açmaq üçün çıxanda qapının Əsədin döydüyünü gördüm. Qapını açandan sonra Əsəd ünvanıma nalayiq sözlər deyərək telefonla kiminlə danışdığımı soruşdu. Mən Əsədə bacım ilə danışdığımı bildirdim. 

Əsəd isə əsəbi halda üzərimə gələrək saçımdan tutdu, məni yerə yıxdı. Yerdə sürüklədi, yumruqla başıma, sol gözümün üstünə vurdu. Sonra başımı mətbəx otağında olan paltaryuyan maşına və barıya vurdu. Mən huşumu itirdim. Əsəd əsəbi halda təpiklə bir neçə dəfə belimə zərbələr vurdu, özümdən getdim. Sonra birtəhər özümə gələrək evdən bayıra qaçdım, polis bölməsinə gəldim. Əsədin məni döyməsi barədə şikayət etdim. Hazırda təqsirləndirilən şəxslə barışmamışam, ondan şikayətçiyəm”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Əsəd 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 00:12
Top