"Dedi ki, 12-ci İmamam..." — “Məşədi Dadaş” məscidinin axunduna sui-qəsdin ŞOK DETALLARI

KRİMİNAL 20 noyabr 2024, 09:33
“Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə təqsirli bilinən Elşən Hüseynovun məhkəməsi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rəsul Həsənli ifadə verib. 

O, ifadəsində göstərib ki, təqsirləndirilən şəxsi hadisə zamanı tanıyıb. 

Onun sözlərinə görə, məsciddə özü xidmətçi olub, məscidin axundu isə Əli Şərbətov olub: 

"Mən məsciddə oturmuşdum, qapını döyürdü. Elşən Hüseynov içəri girdi, Hacını soruşdu. Dedim ki, Hacı yoxdur, sonra getdi. İkinci dəfə gələndə yenə də Hacını soruşdu. Dedim ki, yanında qonaqlar var, içəri girmək olmaz. Əl atdı yaxama, mənə bıçaq çıxardı. Mənim qulaq və mədəmin aşağı hissəsindən vurdu. Fikirləşməzdim ki, məsciddə bıçaq çıxarar. Bu zaman bayıra çıxdım. Arxamca gəldi. Baxdım ki, məndən qan gəlir, orada xanım var idi. Ondan xahiş etdim ki, təcili yardım çağırsın. Sonra təcili yardım, polislər gəldi. Məni xəstəxanaya apardılar əməliyyat olundum".

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, Əli Şərbətovla təqsirləndirilən şəxsin hər hansı bir əlaqəsi olduğunu görməyib, həmin gün də Əli Şərbətov ona deyib ki, qonaqları yola salsın, sonra Elşən Hüseynovla görüşəcək: 

"Elşən Hüseynovdan soruşdum ki, nə işin var. Dedi ki, 12-ci İmamam. Mən də bunu Hacıya dedim. Hacı da dedi ki, görüşək görək nə istəyir".

Dövlət ittihamçısı zərərçəkmişdən təqsirləndirilən şəxsin qeyri-adekvat hərəkətlər etməsini hiss etməsi ilə bağlı soruşub. 

O isə cavab verib ki, Elşən Hüseynovdan heç bir qeyri-adi hərəkət hiss etməyib. 

Daha sonra əlavə edib ki, hadisə zamanı məsciddə namaz qılanlar olub: 

"Həmin vaxt Elşən Hüseynov çölə çıxıb, söyüş söydü. Dedi ki, səni də, qardaşını da, Əli Şərbətovu da öldürəcəm. Mənə iki bıçaq zərbəsi dəyib. Biri qulaq nahiyyəmdən, digər isə qarın nahiyəmdən dəyib".

Təqsirləndirilən Elşən Hüseynov zərərçəkmişdən bıçaq zərbəsinin qulağının sağ və ya sol nahiyəsinə dəyməsini soruşub. 

Zərərçəkmiş cavab verib ki, bıçaq onun sağ qulaq nahiyəsinə dəyib. Elşən Hüseynov isə iddia edib ki, zərərçəkmişin sol qulaq nahiyəsinə xəsarət yetirib. Bildirib ki, zərərçəkmişi öldürmək məqsədilə ora gəlib, onun boğazını kəsmək istəyib. 

Şahid qismində ifadə verən Elvira Əhmədova deyib ki, məscidlə üzbəüz dini mağazada işləyir, təqsirləndirilən şəxsi tanımayıb, amma zərərçəkmiş Rəsul Həsənlini isə məscidin xidmətçisi kimi tanıyıb: 

"Rəsul qulağı qan içində mağazaya girdi. Dedi ki, həkim, polis çağır. Mən də təcili yardım çağırdım".

Digər şahid Dəyanət Mehdiyev ifadəsində göstərib ki, hadisə baş verən günü məsciddə ibadət etməyə gəlib: "Məscidə girəndə yerdə qan damcıları var idi. Qanı görəndən sonra bu qardaşı gördüm, elə bildim ki, onu təkləyiblər. Mənə dedi ki, buradan get, yoxsa başın ağrıyar. Sonra bildirdi ki, mən sonuncu peyğəmbərəm. Fikirləşdim ki, bu nə danışır belə, dəlidir, nədir. Sonra maşınıma minərək getdim".

Növbəti proses dekabrın 10-da keçiriləcək.

İttiham aktında göstərilib ki, 2023-cü il avqustun sonunda Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovla görüşüb fikirlərini bölüşüb, onların arasında fikir ayrılıqları yaranıb. Bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul Həsənli onu içəri buraxmayıb.

Bir neçə ay bu hal davam etikdən sonra Elşən Hüseynov bıçaqla yenidən məscidə gedib. İçəri daxil olmaq istəyərkən qarşısını alan Rəsul Həsənliyə bıçaqla xəsarət yetirib, sui-qəsd törətmək üçün Əli Şərbətovun otağına daxil ola bilməyib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Hüseynov Elşən Fəxrəddin oğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top