Supermarketlərdə xaos: Rüşvət, artıq pul alınır...

SOSİAL 20 oktyabr 2025, 12:01
“Hazırda Azərbaycandakı supermarketlərdə həm istehlakçılar, həm də təchizatçılarla bağlı ciddi problemlər mövcuddur. Supermarketlərdə mal yerləşdirmək üçün sahibkarlardan çox yüksək məbləğdə rüşvət tələb olunur. Bir arıçı mənə bildirib ki, məhsulunu market şəbəkəsinə daxil etmək üçün ondan 20 min dollar pul istənilib”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib.

O əlavə edib ki, bu, sistemli problemin göstəricisidir:

“Bəzi marketlər təchizatçılara milyonlarla manat borcludur və bu borcları ödəmirlər. Əvəzində kampaniyalar keçirərək alıcıları cəlb etməyə çalışırlar, lakin bunun yükü təchizatçıların üzərinə düşür. Məsələn, bir çörək istehsalçısı deyib ki, market ona taxça dolu olmalıdır şərti qoyur, halbuki bu qədər məhsul satılmır. Nəticədə artıq məhsul axşam geri qayıdır və itkiyə gedir. Təchizatçılara pulların gec qaytarılması da böyük problemə çevrilib. 

Sahibkarlar dəfələrlə təklif ediblər ki, Türkiyə və Rusiyada olduğu kimi, pulun neçə günə qaytarılması barədə qanun qəbul olunsun. Lakin bu sahədə hələlik heç bir rəsmi mexanizm yoxdur. Bundan başqa, bəzi supermarketlərdə istehlakçılara qarşı da qeyri-etik davranışlar müşahidə olunur. Kassada malın qiyməti bir cür göstərilsə də, kartdan daha artıq məbləğ çıxılır. Alıcılar bəzən almadıqları mallar üçün də pul ödəyirlər”.

Ekspertin fikrincə, bu cür halların qarşısını almaq üçün marketlər assosiasiyası yaradılmalıdır:

“Bu qurum ictimai təşkilatlarla və media ilə əməkdaşlıq edərək şəffaflığı təmin etməlidir. Marketlərdə iş prinsipləri sağlamlaşdırılmalıdır. Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Xidmətinə bu barədə məlumatlar verilsə də, qurum bəzən məsuliyyəti marketlərin öz üzərinə atır. Halbuki bu yanaşma yolverilməzdir. Marketlərdə şəffaf və ədalətli iş mühiti yaradılmalı, həm təchizatçılar, həm də alıcılar üçün bərabər qaydalar təmin edilməlidir”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 oktyabr 2025, 12:51
Top