“AYNA”sız Xocasən avtobuslarında “Survivor” — FOTOLAR

GÜNDƏM 20 oktyabr 2025, 12:36

Paytaxtın digər istiqamətlərində insanlar kondisionerli, təmiz və səliqəli avtobuslarla səyahət edərkən, Xocasən sakinləri hər gün köhnə, dağılmış və antisanitar vəziyyətdə olan 102 nömrəli avtobuslardan məcburi olaraq istifadə edirlər. Qapıları bağlanmayan, mühərriki tez-tez sıradan çıxan, bəzən ön güzgüsü belə olmayan bu avtobuslar şəhərə yox, təhlükəyə doğru hərəkət edir.

Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, Bakının Xocasən qəsəbəsinə işləyən 102 nömrəli marşrut xətti bu gün paytaxtın ən acınacaqlı vəziyyətdə olan xidmətlərindən biridir. Qəsəbənin yeganə avtobus xətti olan bu marşrutla hər gün minlərlə sərnişin paytaxta gedib-gəlir. Lakin onların daşındığı avtobusların vəziyyəti həm təhlükəlidir, həm də narahatlıq doğurur.

Görüntülərdən də aydın görünür: avtobusların salonu sınıq-salxaq, oturacaqlar köhnə və çirk içindədir, tavan və pəncərələrdə pas, yanıq izləri, döşəmədə isə cırılmış linoleum və toz-torpaq. Bəzən içərisi o qədər dağınıq olur ki, bura nəqliyyat deyil, metal yığınına çevrilmiş bir anbarı xatırladır. Sözügedən avtobuslarda havalandırma sistemi işləmədiyi üçün yayda nəfəs almaq mümkün deyil, qışda isə soyuqdan qorunmaq çətindir. 

Sərnişinlərin sözlərinə görə, 102 nömrəli avtobuslar tez-tez yolda qalır, bəzən tormoz tutmur, qapılar bağlanmır. Buna baxmayaraq, bu xətt hələ də yenilənməyib.

Bakının demək olar ki, bütün ətraf qəsəbələri bu gün müasir, rahat və texniki cəhətdən saz avtobuslarla təchiz olunub. Yeni marşrut xətləri açılır, dayanacaqlar yenilənir, sərnişinlər üçün daha təhlükəsiz və rahat şərait yaradılır. Amma Xocasən qəsəbəsi bütün bu yeniliklərdən kənarda qalıb. Bu ərazi paytaxtın qapısında yerləşsə də, nəqliyyat baxımından sanki ölkənin ən ucqar kəndi kimidir. Əhali hər gün bu avtobuslarla şəhərə çıxmağa məcbur qalır. Vəziyyət o həddə çatıb ki, artıq bu marşrut ictimai nəqliyyat deyil, cəmiyyətin biganəliyinin simvoluna çevrilib. Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son bir ildə Bakı ətrafındakı bir çox qəsəbələrdə marşrut parkını yeniləsə də, Xocasənin adı həmin siyahılarda yer almayıb.

Əgər bu laqeydlik davam edərsə, 102 nömrəli avtobusun növbəti “sıradan çıxışı” təkcə texniki nasazlıqla bitməyə bilər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 oktyabr 2025, 12:51
Top