Son illər daşınmaz əmlak bazarında mənzillərin yalnız yaşayış üçün deyil, investisiya məqsədilə alınması da geniş yayılıb. Bəzi şəxslər qiymət artımından gəlir əldə etmək məqsədilə mənzil alsalar da, həmin əmlakları uzun müddət boş saxlayırlar. Bu isə mövcud mənzil fondunun nə dərəcədə səmərəli istifadə olunması və bazarda mənzil əlçatanlığı ilə bağlı suallar yaradır.
Bəs mənzillərin investisiya məqsədilə alınıb boş saxlanılması daşınmaz əmlak bazarında süni qıtlıq yarada və qiymətlərin artmasına təsir göstərə bilərmi? Bu tendensiyanın ölkə iqtisadiyyatına hansı mənfi təsirləri var?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, investisiya məqsədilə mənzil almağın özü iqtisadi baxımdan problem deyil.

Onun sözlərinə görə, daşınmaz əmlak insanların yığım və investisiya vasitələrindən biridir:
"Problem o zaman yaranır ki, xüsusilə yüksək tələbat olan şəhərlərdə çoxlu sayda mənzil illərlə boş saxlanılır və nə satış, nə də kirayə bazarına çıxarılır. Belə halda bina fiziki olaraq mövcuddur, amma vətəndaş üçün real mənzil təklifinin bir hissəsi deyil. Əgər bu proses geniş miqyas alarsa, kirayə və satış bazarında təklifin daralmasına, qiymətlərin yüksəlməsinə və mənzil əlçatanlığının azalmasına təsir göstərə bilər.
Bunun şəhərsalma tərəfi də var. Dövlət və şəhər həmin yaşayış kompleksləri üçün yol, su, kanalizasiya, elektrik və digər infrastruktura vəsait sərf edir. Mənzillərin böyük hissəsi istifadəsiz qalırsa, yaradılmış şəhər infrastrukturu da tam səmərə ilə istifadə olunmur. Amma Azərbaycanda bunun "süni mənzil qıtlığı yaratdığını" dəqiq söyləmək üçün neçə mənzilin uzunmüddətli boş saxlanılması barədə etibarlı statistika olmalıdır. Belə məlumat olmadan bütün qiymət artımını boş mənzillərlə əlaqələndirmək doğru deyil. "VR Standartları 2026"nın insan mərkəzli yanaşması baxımından da mənzil yalnız investisiya aktivi deyil, ilk növbədə insanların yaşaması üçün yaradılan məkan və şəhər sisteminin bir hissəsidir. Mənzil investisiya ola bilər, amma minlərlə mənzilin şəhərin ən tələb olunan ərazilərində illərlə boş qalması normal mənzil bazarının səmərəliliyini azalda bilər. Tikilmiş mənzil istifadə olunmursa, kağız üzərində təklifdir, real bazarda isə deyil".



