"Ermənilər israr edirdi ki, filmdə bu fraqmentlər olmasın" – “Məzar”ın rejissoru ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 24 okt 2019, 22:57

Teleqraf.com “Məzar” filminin ssenari müəllifi və rejissoru Asəf Quliyevlə müsahibəni təqdim edir.

 

- Asəf bəy, tamaşaçılar fərqli üslubda çəkdiyiniz “Məzar” filmi ilə yenicə tanış olur. Bu filmin ideyası haradan gəldi?


- İlk dəfə 2007-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı haqqında sosial şəbəkələrdə məlumat yayıldı. Bundan sonra müxtəlif fikirlərə rast gəlindi. O mənada kı Allahverdi Bağırovun Ağdamdakı məzarının dağıdılmadığı, onun saxlanıldığı haqda fikirlər ortaya çıxdı. Bunun həqiqət və ya yalan olması haqda suallar yarandı. Çünki Allahverdi Bağırovun dəfnindən görüntülər var və bu görüntülərdən bilinir ki, məzarının ətrafında digər şəhidlərimizin də məzarları var.

 

Başqa sözlə, Ağdamın Şəhidlər Xiyabanında Allahverdi Bağırovla yanaşı digər şəhidlərimiz də dəfn edilmişdi. Amma digər şəhidlərin məzarının olmaması, yalnız Allahverdi Bağırovun məzarının fotosu məndə “doğurdanmı bu həqiqətdir” sualını yaratdı. Və başladım bu məsələni araşdırmağa. Müxtəlif mənbələrə müraciət etdim, amma heç nə əldə edə bilmədim. 2010-cu ildə Ermənistana getmək imkanı yarandı, amma erməni tərəfi Dağlıq Qarabağa getməyimizə icazə vermədi. Yəni əlim yenə boşa çıxdı. Düşünürdüm ki, Leonid Avanesyan bəlkə Allahverdinin məzarını dağıtmağa imkan verməyib.

 

Amma o, Xankəndində elə də ciddi nüfuz sahibi deyil. Normalda Allahverdinin məzarını qorumaq üçün orada nüfuzlu və təsirli adamın olması lazımdır ki, sözündən heç kəs çıxmasın.Günlərin birində Allahverdi Bağırovla Vitali Balasanyanın fotosunu gördüm və düşündüm ki, Allahverdinin məzarını qoruyan odur. Müxtəlif yollara əl atdım, birgə tədbirlərdə iştirak etdiyim ermənilərlə əlaqə saxladım və nəhayət, Vitali Balasanyana məktub yazdım.

 

- Bu şəxs qondarma DQR hakimiyyətində təmsil olunan erməni generalıdır?


- Bəli, generaldır. O dövrdə Əsgəran batalyonunun komandiri olub, sonradan müxtəlif vəzifələrdə işləyib və sonuncu iş yeri də Təhlükəsizlik Şurasının katibi olub. Bu adam mənim məktubuma cavab verib dedi ki, bu məsələlərdən xəbəri yoxdur, Allahverdi Bağırov barəsində Razmikdən soruşun. Razmik də köhnə futbolçudur, əslən Gəncədəndir.

 

Xankəndində futbol klubunun məşqçisi, sonra stadionun direktoru olub. Müharibə dövründə o da batalyon komandiri olub. Mənim də, sözsüz ki, Razmiklə əlaqə saxlamaq imkanlarım yox idi. Xankəndində başqa mənbələrə müraciət etdikdən sonra onunla əlaqə yaratdılar və beləcə həqiqəti öyrəndim. Bundan sonra film ideyası ortaya çıxdı.

 

- Gəncədə doğulan futboçunun Allahverdi Bağırovun məzarını mühafizə etməsinə səbəb nə olub?


- Allahverdi ilə Razmikin futbolçu kimi münasibətləri olub, sonradan bu münasibətlər kifayət qədər istiləşib və dostluq münasibətləri yaranıb. Hətta filmdə Razmik deyir ki, Allahverdinin atasının dəfnində iştirak edib. Yəni bu şəxslər kifayət qədər yaxın münasibətlərdə olub.

 

- Amma separatçı rejimin fəaliyyətini izlədikdə Razmik Petrosyanın adına rast gəlinmir. Yəni bu şəxsin separatçı bölgədə xüsusi nüfuz sahibi olması hiss edilmir...


- 1992-ci ildə batalyon komandiri olub, atəşkəs dövründə separatçı rejimin polis idarəsinin rəsi müavini vəzifəsində çalışıb, polkovnikdir. Orada nüfuzlu adamdır.

 

- Gələk filmin çəkilişinə. Filmi çəkmək üçün maliyyə necə əldə edilib?


- Avropa Birliyinin “Sülh təşəbbüsləri” proqramı var idi. Mən proqram çərçivəsində onlara müraciət etdim və onlar razılıq verdilər. İşin çətin tərəfi qarşı tərəfdən tərəf müqabili tapmaq idi. Çünki mənim ora gedib çəkilişlər aparmaq imkanım yox idi. Əslində Razmik Petrosyana və Vitali Balasanyana təklif etdim ki, Tiflisə gəlsinlər, orada çəkiliş edək. Razmik Petrosyan səhhətini bəhanə gətirdi, Balasanyanla bağlı dedilər ki, nadir hallarda kənara çıxır, istisna hallarda Ermənistana gedib-gəlir. Bundan sonra mən bir nəfərə təklif etdim ki, orada çəkiliş etsin. Razılıq vermirdi, amma müxtəlif vasitələrlə onu inandıra bildim ki, bu tarixdir və onu filmləşdirmək lazımdır. Və beləcə işə başlandı.

 

- Sizin üçün belə bir film çəkmək nə üçün bu qədər önəmli olub?


- Təsəvvür edin ki, 1992-ci ildə, müharibənin ən qızğın dövründə Allahverdi Bağırov Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, əsirlərin dəyişdirilməsi, döyüş meydalarında qalan cəsədlərin çıxarılması üçün fəaliyyət göstərib. Hansı ki, həmin dövrdə onun Cenevrə Konvensiyasından xəbəri olmayıb. Amma əsirlərlə bağlı konvensiyanın prinsiplərinə uyğun davranıb. Bu Azərbaycanın milli qəhramanının hansı keyfiyyətlərə malik olduğunu göstərir. Mən də çalışdım ki, bunu dünyaya olduğu kimi təqdim edim.

 

- Film hansı səbəblərdən rus dilində çəkilib?


- Əvvəla ona görə ki, film Avropa İttifaqının proqramı çərçivəsində hazırlanıb. Əslində biz istəyirdik ki, bu filmi ingilis dilinə çevirək. Amma təəssüflər olsun ki, film yarmçıq qaldı...

 

- Niyə?


- Sonda erməni tərəfindən olan həmkarımız filmin nümayiş etdirilməsinin əleyhinə çıxış etdi. Bir ildir ki, film hazırdır, amma onlar filmin təqdimatına qarşı çıxırdılar. Onları qıcıqlandıran məsələ Razmik Petrosiyan tərəfindən hazırlanan Allahverdi Bağırovun başdaşının 2018-ci ildə vəhşicəsinə dağıdılması səhnəsidir. Yəni obrazlı desək, bir erməni azərbaycanlı dostuna sədaqətini nümayiş etdirir, amma sonda erməni kütlə gəlib bu məzar daşını dağıdır.

 

Bu təkcə bir insanın məzar daşına deyil, dünyada insanlığa qarşı törədilən vandalimzdir. Məzar daşının dağıdılması səhnəsi erməni xalqını düşünənləri narahat edirdi və bu səbəbdən də etiraz etdilər, deyirdilər ki, filmdə bu fraqmentlər olmasın. Mən də təbii ki, bu səhnəni filmdən çıxara bilməzdim. Bu mənim jurnalist prinsiplərimə zidd idi. Odur ki, mövqe nümayiş etdirdim, müxtəlif kombinasiyalar qurdum və sonda da dedim ki, əgər razılaşmırsınızsa, özünüz bilərsiniz. Sadəcə üstün tərəfim odur ki, bu layihəni Avropa İttifaqı ilə razılaşdıranda qarşı tərəfi də inandıra bilmişdim.

 

Müxtəlif söhbətlər aparmışdım, konfiqurasiyalar qurmuşdum ki, sonda filmi Bakıda özüm montaj edim. Buna da nail oldum. Yəni erməni tərəfdən bu prosesdə iştirak edən şəxslər ancaq görüntüləri çəkib mənə göndərirdi. Sadəcə erməni tərəfi filmdəki sonuncu fraqmentlə razılaşmadılar. Məndən də istədilər ki, bu fraqmenti çıxarım, amma bundan imtina etdim.

 

- Bəs niyə 2018-ci ildə hazır olan film 2019-cu ildə cəmiyyətə təqdim edilib?


- Əslində 2018-ci ilin oktyabrında Tiflisdə filmin təqdimatı keçirilməli idi. Avropa İttifaqı bunun üçün vəsait ayırmışdı. Sadəcə erməni tərəfinin destruktiv yanaşması nəticəsində bu, baş tutmadı. Mən də 1 il gözlədim, müxtəlif təkliflər etdim. Gördüm qarşı tərəf fikrini dəyişmir, onda düşündüm ki, filmi saxlamağın yeri yoxdur.

 

- Filmin ermənilərlə dostluğa xidmət etməsini tənqid edənlər, bu kimi layihələrin heç də birmənalı olmadığına dair fikirlər var...


- Mən bu fikirlərlə razı deyiləm. Bəlkə də filmdə hansısa bir erməninin müsbət obrazı göstərilib. Amma reallığı, həqiqəti göstərmişəm. Ola bilsin ki, bunu görənlər sizin kimi düşünə bilər. Amma filmin sonunda özümündə gözləmədiyim halda Allahverdi Bağırovun məzarı dağıdılır. Təsəvvür edin ki, mən bir gün geçiksəydim, bu kadrları da əldə edə bilməyəcəkdim. Gözləmirdim ki, Allahverdi Bağırovun məzar daşını dağıdarlar.

 

- Yəni Milli Qəhraman Allahverdi Bağırovun başdaşı dağıdılmasaydı, siz erməninin müsbət obrazını təqdim edəcək və bununla Avropadan gələn sülh təşəbbüslərini təbliğ edəcəkdiniz?
- Mən sadəcə olaraq, həqiqəti, reallığı təqdim etmişəm. Həqiqəti təqdim et, tamaşaçı baxıb qiymətini versin. Hətta bir erməninin həqiqətən müsbət obrazı varsa, gözümüzü yumub bunu görməməklə heç nəyə nail ola bilmərik. Allahverdi Bağırovun məzarı ilə bağlı müxtəlif şayiələr var idi, mən buna son qoymaq və həqiqəti üzə çıxarmaq istəmişəm. Üstəlik mən özüm Ağdamdanam, yaxınlarım, qohumların müharibədə iştirak edib, şəhid olanlarımız var. Amma bu o demək deyil ki, mən həqiqəti gizlətməliyəm.

 

Hesab edirəm ki, biz beynəlxalq aditoriyaya həqiqəti çıxarmalıyıq. Həqiqət isə bizim tərəfimizdədir. Yəni bu yolla ermənilərin təbliğat maşınını darmadağın edə bilərik. Sadəcə olaraq, bizim xırdaca bir yalanımız və şişirtməmiz ermənilərin əlinə “kozır” verir və onlar bundan bizə qarşı istifadə edirlər. Məsələn, Zori Balayanın yazmadığı bir əsər var, onu bizim sosial şəbəkələrimizdə nə qədər tirajlamaq olar? İkincisi, filmi araşdıranda başqa məqsədlərim də olub.

 

Filmdə müsahibə verənlərin Xocalı faciəsi ilə bağlı maraqlı açıqlamaları var. Şərait və imkan olsa, bu istiqaməti də aparacağam. Məsələn, ermənilər uzun illər iddia edirlər ki, Ağdama üz tutan xocalıları azərbaycanlların özləri “öldürüb”. Amma ermənilərin dilindən bu iddiaların yalan olduğunu eşitmək, yaxşı olmazmı? Bax, mən buna nail olmuşam. Məsələ ondadır ki, Ağdamdan Xocalı istiqamətində Allahverdi Bağırovun batalyonu dayanırdı. Bu erməni təbliğatını dağıtmaq üçün mənim nələrə getdiyimi, hansı hisslər keçirdiyimi bilməzsiniz. Təsəvvür edin ki, filmlə bağlı Tiflisə qarşı tərəfdən 4-5 nəfər, bu tərəfdən isə mən tək gedirdim. Bəzən eyni gündə iki otel dəyişir, hər şeyi göz önünə alırdım. Demirəm ki, bu qəhrəmanlıqdır. Amma mən sadəcə həqiqəti ortaya qoymaq istəmişəm. Xocalı ilə bağlı məsələni də hansısa formada hazırlayacağam. Ermənilərin özü etiraf edirlər ki, Xocalıda öldürülənləri azərbaycanlılar öldürə bilməzdi.

 

- Əslində müraciət etdiyniz mövzu maraqlı olduğu qədər də mürəkkəbdir. Bəzən bu mövzulara müraciət edib öz tərəfini haqlı çıxarmaq istəyən şəxslər başa düşülmür və yerin gələndə onu “daş-qalaq” edə bilir. Bu, sizi qorxutmur?


- Bu da təbidir. Mən ideyanı ortaya atanda və filmin çəkilişlərinə başlayanda təpki göstərənlər var idi. İndi onların çoxu mənimlə əlaqə yaradaraq təbrik edirlər, çox sağ ol deyirlər. Fikrimcə, son nəticəni bilmədən ittiham etmək doğru deyil. Eyni zamanda mən bu kimi şeylərdən çəkinmirəm. Bir jurnalist olaraq həqiqət mənim üçün hər şeydən üstündür. Jurnalist informasiyanı əldə edəndə və onu yayanda azad olmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top