Gənc oğlan 17 illik yataq xəstəsi olan əmisini niyə qətlə yetirdi? — TƏFƏRRÜAT

KRİMİNAL 07 noyabr 2024, 19:11
Balakən rayonunda 2006-cı il təvəllüdlü Əhməd Zalxayev əmisi, 1976-cı il təvəllüdlü Şahin Zalxayevi qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əhməd ötən ilin avqustun 4-də əmiləri Şahin və Ramazanın birgə yaşadığı Balakən rayonunun Xalatala kəndində yaşadıqları fərdi yaşayış evində olarkən saat təxminən 12 radələrində X23 evdən getdikdən sonra Şahin ilə evin yataq otağında tək qaldığı zaman ondan siqaret almaq məqsədilə 3 manat istəyib.
Şahin pulu verməkdən imtina etdiyindən aralarında yaranmış mübahisə zamanı əmisinin onun anasının ünvanına söyüş söyməsindən əsəbiləşib. 

Əhməd əsəbi psixi-emosianal vəziyyətdə qisas almaq məqsədi ilə əmisini öldürmək qərarına gəlib. Bunun üçün yataq otağından eyvana çıxıb, eyvanın yataq otağı ilə üzbəüz olan taxta divarının taxtalararası boşluğuna keçirilmiş bıçağı götürərək yataq otağına qayıdıb. O, həmin otaqda çarpayı üzərində sol yanı üstündə uzanmış əmisinin boyun-boğaz nahiyəsinə 2 bıçaq zərbəsi vurub. 

Daha sonra yenidən özünə tərəf çəkərkən çarpayıdan yerə yıxılmış əmisinə döşəmə üzərində yenidən 8 bıçaq zərbəsi vurub. Əhməd əmisinə ümumilikdə 10 bıçaq zərbəsi vurub. Şahin aldığı zərbələrdən ölüb. 

Bundan başqa Əhməd əmisi Şahini öldürdükdən sonra onun əynindəki şalvarın cibində saxladığı pulu oğurlamaq qərarına gəlib. Bu məqsədlə Şahinin əynindəki şalvarın sol yan cibindən ümumilikdə 200 manatı götürüb. 

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 177.2.5-ci (oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü qismın təqsirli bilib. O, ifadəsində göstərib ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən, yəni Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib. 

Əhməd qeyd edib ki, əmisi Şahin Zalxayevin ayağında problem olsa da əsanın köməkliyi ilə ayağa qalxa və hərəkət edə bilib: “Hadisə baş verən tarixdə siqaret almaq məqsədilə əmim Şahin Zalxayevdən 3 manat istədim. Sonuncu isə nə üçün mənə pul verməsinin səbəbini soruşdu və mənə normal adam olmadığımı dedi. Bu zaman Şahindən normal şəkildə danışmasını tələb etdim. Şahin anamın ünvanına nalayiq ifadə işlətdi. Bu zaman  əsəbləşdim və çölə çıxdım. Oradan götürdüyüm bıçaqla çarpayıda uzanmış vəziyyətdə olan əmimə bıçaqla iki zərbə vurdum. Həmin vaxt əmim mənə əli ilə müqavimət göstərməyə çalışdı. Daha sonra əmimi yerə yıxdım və yenidən bıçaq zərbələri endirdim. Nəticədə əmimə ümumilikdə 8 bıçaq zərbəsi vurmuşam. Həmin vaxt əmimi öldürmək niyyətim olmayıb. Hadisədən bilavasitə əvvəl əmimin dediyi sözlərə əsəbləşdiyim üçün özümü idarə edə bilmədim. Bıçaqla əmimə zərbələr vurdum. Bu zaman əmim zərbələr vurmamağımı desə də, buna məhəl qoymayaraq əmimə bıçaqla zərbələr vurmağa davam etdim. Baş vermiş hadisədən sonra isə əmimin cibindən 200 manat götürdüm. Həmin vaxt əmim sağ olsa da, onun cibindən pul götürməyini bilib-bilməməsindən məlumatım olmayıb”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib. O, həmin ifadəsində özünü elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, mərhum Şahin onun əmisidir, əmisi 17 ildir yataq xəstəsi olub: “Xəstəliyi ilə əlaqədar təxminən hadisədən 12 gün əvvəl Bakı şəhərində yerləşən xəstəxanada sağ ayağının 4 və 5-ci barmaqları kəsildi. Hər iki ayağı da qanqrena olmuşdu. Şahin mənim digər əmim Ramazan ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yaşayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 3 avqust 2023-cü ildə səhər saat 8 və ya 9 radələrində əmilərinin yaşadığı həmin fərdi yaşayış evinə gedib, gecəni orada qalıb: “Avqustun 4-də, saat 12 radələrində əmim Ramazan ot biçmək məqsədilə həmin evi tərk etdi. Mən və əmim Şahin evdə qaldıq. Mən əmimin müalicə xərclərini ödəmək üçün kənd sakinlərinin 710 manat məbləğində pulu ona verdiyini gördüm.  Əmim bu məbləğdə pulun olduğunu bilmişəm. Siqaret almaq məqsədilə əmimdən 3 manat istədim. Şahin isə nə üçün mənə pul verməsinin səbəbini soruşdu, mənə normal insan olmadığımı dedi. Bu zaman Şahindən normal şəkildə danışmasını tələb etdim. Şahin anamın ünvanına nalayiq ifadə işlətdi. Həmin vaxt əsəbləşərək Şahini öldürmək qərarına gəldim. Bu məqsədlə otağı tərk edərək eyvandakı taxta divarda taxtaların arasına keçirilmiş bıçağı götürdüm və otağa qayıtdım”. 
Əhmədin sözlərinə görə, bu zaman Şahin Zalxayev sol qolu üstə uzanmış vəziyyətdə olub: “Mən bıçağı sağ əlimdə gizlədərək gətirdiyimdən əmim bıçağı görməyib. Mən çarpayıya yaxınlaşaraq əmimin baş tərəfində dayandım və onun başını özümə tərəf çəkdim. Əmimin sol tərəfindən boyun-boğaz nahiyəsinə bıçaqla iki zərbə vurdum. Daha sonra əmimi təkrar özümə tərəf çəkdikdə yerə yıxıldı. Əmim yerə yıxılandan sonra yenidən eyni nahiyəsinə bıçaqla 7-8 zərbə vurdum. Əmimin ağız və boyun nahiyələrindən qan axmağa başladı. Mən qanın axdığını görərək hərəkətlərimi dayandırdım”.

Əhməd qeyd edib ki, daha sonra isə kənar şəxslərin əmisinin yıxıldığını düşünmələri üçün, habelə həmin anda əsəbi olduğundan əmisinin yatdığı çarpayının yuxarısında olan stolu sərt şəkildə çəkərək yerə salıb: “Stol yerə dəyən zaman stolun ayağının biri qırıldı. Stolun üstündəki qab-qacaq, meyvə-tərəvəzlər isə yerə töküldü. Bu zaman  Şahinin boğaz nahiyəsindən xırıltı səslərinin gəldiyini eşitdim. Daha sonra əllərimi, əynimdə olan şalvarı və bıçağı yudum. Daha sonra isə heç kəsin şübhələnməməsi üçün bıçağı eyvanda əvvəlcədən götürdüyüm yerə qoydum. Bundan sonra əmimə məxsus olan pulu götürmək qərarına gəldim. Bu məqsədlə otağa qayıdaraq əmimin əynində olan şalvarın sol yan cibindəki 200 manatı götürdüm. Həmin vaxt Şahin hərəkət etməyib və ondan yaşamasına dəlalət edə biləcək hər hansı səs eşitməmişəm. Daha sonra həmin evi tərk edərək yaşadığım evə getdim. Əynimdə olan paltarları çıxardım və baş vermiş hadisə barədə heç kəsə məlumat vermədim. Həmin tarixdə günorta vaxtı qonşumuz anama zəng edərək Şahinin yıxıldığını və qana bulaşmış vəziyyətdə olduğunu dedi. Mən isə atamın telefonunu götürərək onlardan qabaq əmimgilə getdim. Hərəkətdə olan zaman məndən şübhələnməmələri üçün əmim Ramazana zəng etdim və nə baş verdiyini soruşdum. Ramazan isə Şahinin öldüyünü bildirdi. Daha sonra anama zəng etdim və əmimin öldüyünü dedim. Bundan sonra əmilərimin yaşadığı evə çatdıqda polis əməkdaşlarının, təcili yardım xidmətinin orada olduğunu gördüm. Məndən şübhələnməmələri üçün ağladım. Sonradan araşdırma aparılan zaman əvvəlcə qorxduğum üçün düzgün məlumatlar vermədim. Lakin araşdırmanın gedişində baş vermiş hadisəni olduğu kimi danışaraq hər şeyi etiraf etdim. Əmim Şahin anamı təhqir etdiyi üçün əsəbləşərək onu öldürdüyümü və Şahinə məxsus olan pulu oğurlamağa isə sonradan qərar verdiyimi bildirdim”. 

İş üzrə zərərçəkmiş Şahinin hüquqi varisi qismində ifadə verən qardaşı Ramazanın sözlərinə görə, mərhum Şahin onun qardaşı, təqsirləndirilən Əhməd isə onun qardaşının oğludur: “Şahin yataq xəstəsi olub və onunla birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən fərdi yaşayış evində yaşamışam. Yaşadığımız evdə qiymətli əşya olmayıb. Lakin 2 avqust 2023-cü ildə Şahin üçün Balakən rayonunun Qabaqçöl qəsəbəsində yerləşən məsciddə sədəqə kimi təxminən 700 manat məbləğində pul yığıldı və ona verildi. Bizim marketdə işləyən şəxsə 3000 manata yaxın borcumuz olduğu üçün Şahin 700 manat puldan 500 manatını mənə verərək borcun bir hissəsini verməyimi bildirdi. 200 manat məbləğində pulu isə Şahin özünün dərmanlarını almaq və digər müalicə işlərinə sərf etmək üçün saxladı”. 

Ramazanın ifadəsinə görə, avqustun 3-də səhər saatlarında Əhməd həmin fərdi yaşayış evinə gəlib və qeyd olunan gecəni orada qalıb: “Avqustun 4-də, saat təxminən 12 radələrində Xalatala kənd sakini Abdurəhman Hudolovun həyətindəki mal-qaraya baxmağa getdim. Bu zaman Şahin evdə Əhmədlə birlikdə qaldı. Qeyd olunan yerdə işlərimi yekunlaşdırdım və saat 14 radələrində yaşadığım fərdi evinə qayıtdım. Bu zaman Şahinin otağın döşəməsi üzərində arxası üstə uzanmış vəziyyətdə olduğunu, sifətinin və baş nahiyəsinin, habelə evin döşəməsinin qana buşalmış halda olduğunu, otaqdakı stolun ayaqlarından birinin qırılmış vəziyyətdə olduğunu, stolun üstündəki əşyaların və meyvə-tərəvəzin yerdə olduğunu, stolun üzərində olan tutacağı qəhvəyi rəngli bıçağın Şahindən aralıda, sonuncunun çarpayısının baş tərəfində, döşəmənin üzərində olduğunu gördüm. Bıçağın içəriyə daxil olacaq şəxslərə zərər yetirəcəyini düşündüm və həmin bıçağı yanımdakı sellofanın içərisinə atdım. Evdə olan, tutacağı qara rəngli digər bıçaq isə hər zaman eyvanın sağ taxta divarındakı boşluqda olub. Bundan sonra qardaşımın ölmədiyini düşündüm və qışqıraraq qonşuları köməyə çağırdım. Əvvəlcə qonşu oraya gəldi, ardınca isə təcili tibbi yardım çağırdıq. Bundan bir müddət sonra təcili tibbi yardım stansiyasının həkimi oraya gəldi və Şahini müayinə edərək onun öldüyünü bildirdi. Bundan sonra Şahinin dərmanlarını almaq və digər müalicə işlərinə sərf etmək üçün saxladığı 200 manat məbləğində pulu tapa bilmədim. Şahinə təxminən 700 manat pulun verilməsini mən, sədəqə toplayan şəxslər, Şahin və Əhməd bilib. Şahində 200 manat məbləğində pulun olmasından isə mənim və Əhmədin məlumatı olub. Hazırda Əhmədlə barışmışam, ona qarşı hər hansı şikayətim yoxdur”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən razı olmadığını deyib. Təqsirləndirilən şəxs birinci məhkumluğunu, ailənin yeganə övladı olmağını, etdiyi hərəkətlərdən səmimi peşmançılıq hissləri keçirtməyini, səhhətində olan ağır epillepsiya xəstəliyini nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş edib.

Əhmədin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top