Vətən müharibəsinin xronikası: 5 noyabr — VİDEO

GÜNDƏM 05 noyabr 2024, 08:40
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Demokrat.az 44 günlük Vətən müharibəsinin 40-cı gününün xronikasını təqdim edir.

- Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

- Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

- Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

- Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndindəki 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.

- Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət kimi bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb. 

- Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.

- Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

- Ermənistan ordusu Goranboy rayonunun Meşəli kəndinə “Smerç” raketi atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top