Qlüten sağlam insanlar üçün təhlükə yaratmır — ARAŞDIRMA

GÜNDƏM 04 noyabr 2024, 14:10
Son dövrlərdə dünyada qlütensiz qidalanmağa maraq artmaqdadır. Qlütensiz məhsullar bahalı olmasına baxmayaraq, sağlamlıq baxımından bu məhsullara üstünlük verilir. Sağlam qidalanmanı həyat tərzinə çevirən insanlar artıq alış-veriş zamanı üzərində “gluten-free” yazısı olan məhsullar axtarırlar. 

Sağlam qidalanma üzrə ekspert Asim Vəlizadə Demokrat.az-a açıqlamasında deyib ki, qlüten buğda, arpa, çovdar və bunların bəzi törəmələrində olan bir protein kompleksidir:

"Bu protein çörək, makaron, şirniyyat və digər taxıl əsaslı məhsullara elastiklik və struktur verərək onların daha yaxşı bişməsini və yumşaq qalmasını təmin edir". 

Ekspertin sözlərinə görə, qlütenin parçalanması bəzi insanlar üçün çətin ola bilər: 

“Xüsusilə "çölyak xəstəliyi" olan insanlarda qlüten immunitet sistemi tərəfindən təhlükəli olaraq qəbul edilir və bağırsaqlarda iltihab yaradaraq qida udulmasını çətinləşdirir. Çölyak xəstəliyindən əziyyət çəkən insanlar qlütensiz qidalanma tərzi ilə bu xəstəliyin yaratdığı mənfi təsirləri minimuma endirə bilərlər. Bununla yanaşı qlüten həssaslığı və buğda allergiyası kimi hallarda da qlüten istifadəsi narahatlıqlara səbəb ola bilər”.

A.Vəliyev bildirib ki, elmi araşdırmalara görə qlüten sağlam insanlar üçün təhlükə yaratmır: 

“Yalnız çölyak xəstələri, qlüten həssaslığı olanlar və buğda allergiyasından əziyyət çəkən insanlar qlütensiz qidalanmalıdırlar. Bu qrup insanlarda qlüten qəbul edildikdə qarın ağrısı, şişkinlik, ishal, yorğunluq və dəri problemləri kimi şikayətlər yaranır. Ancaq sağlam insanlar üçün qlüteni tamamilə aradan qaldırmaq zəruri deyil və xüsusi bir zərəri yoxdur. Üstəlik, qlütensiz qidalanma sağlam insanlarda bəzi vitamin və mineralların qəbulunu azalda bilər. Çünki qlüteni təmizləmək məqsədilə işlənmiş qidalar çox vaxt daha az lif, dəmir, kalsium və B vitaminləri ehtiva edir. Bu səbəbdən qlütensiz qidalanmaq istəyənlər qidalanma balansına daha çox diqqət yetirməlidirlər”. 

Ekspert onu da əlavə edib ki, qlütensiz qidalanmanı seçən və ya buna məcbur olan insanlar üçün alternativlər mövcuddur: 

“Bu alternativlər qida dəyəri baxımından zəngindir və gündəlik ehtiyacları qarşılamağa kömək edir. Qarabaşaq, düyü, qarğıdalı, darı, kinoa kimi qidalar qlütensizdir və qlütendən imtina edənlər üçün faydalı seçimdir. Mərci, noxud, lobya kimi paxlalılar lif, protein və müxtəlif vitaminlərlə zəngin olub bağırsaq sağlamlığı üçün faydalıdır. Badam unu, hindistan qozu unu, qarğıdalı unu, noxud unu qlütensizdir və çörək bişirmək, desert hazırlamaq üçün istifadə edilə bilər. Bu unlar eyni zamanda antioksidant və sağlam yağlarla zəngindir. Meyvə və tərəvəzlərin tərkibində qlüten yoxdur və yüksək miqdarda vitamin, mineral və lif ehtiva edir”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top