Sumqayıtda qətl: Usta ev sahibini öldürdü, meyitini isə... —TƏFƏRRÜAT

HADİSƏ 01 noyabr 2024, 11:20
Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Samir Abbasov tanışı 1941-ci il təvəllüdlü Nadir Rzayevi qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Samir taxta ustası kimi fəaliyyət göstərərək, tanışı Nadir ilə əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən onun yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon, fərdi yaşayış evində pilləkən təmirini davam etdirmək üçün həmin ünvana gəlib. 

Samir həmin ünvanda təmir işi görərkən Nadir ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onun yaşı ilə əlaqədar olaraq müqavimət göstərmək imkanı olmadığını bildiyi halda taxta parçası ilə baş nahiyəsindən bir dəfə zərbə vurub. 

Bu zaman Nadir yıxılmağının qarşısını ala bilməyib və özünü itirərək, yaxınlıqda olan taxta materialdan hazırlanmış stulun söykənəcək hissəsinin üzərinə yıxılıb. Ardınca Samir cinayətkar niyyətini davam etdirərək yerdə uzanıqlı vəziyyətdə olan Nadirin kömək çağıra bilməməsi və almış olduğu xəsarətdən ölməsi üçün evin qapısını kilidləyərək gedib.

Yalnız səhəri gün günorta saatlarında Samir Nadirin ölüb-ölməməsini aydınlaşdırmaq üçün yenidən həmin ünvana gəlib. Artıq Nadirin almış olduğu xəsarətlər nəticəsində baş vermiş daxili qanitirmədən yerdə hərəkətsiz vəziyyətdə uzanaraq öldüyünü görüb. O, törətmiş olduğu cinayəti gizlətmək üçün Nadiri sürüyərək çölə çıxarıb və evin həyətindəki yardımçı tikilinin torpaq zəminini qazaraq meyiti orada basdırıb. 

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nadirin evinə işləməyə gəlib: “Nadirdən dəfələrlə pul istəmişəm. Mən pul istəyəndə Nadir narazıçılıq etdi. İşləməyib çıxıb gedəcəyimi dedim. Nadir mənə işimi görməyimi bildirdi. Ona iş görməyəcəyimi, vəziyyətin gərgin olduğunu, pula ehtiyacım olduğunu, uşaqlara məktəb forması almalı olduğumu bildirdim. Nadir mənimlə razılaşmadı. Daha sonra dedi ki, gözlə, pul alıb gələcəm. Gələrək pulu yolda material aldığı üçün materiala verdiyini dedi. Nadirə mənə pul verəcəyi barədə söz verdiyini söylədiyini dedim. Nadir də mənə qarşı “kişiyə bax, xəbəri yoxdur özündən” kimi ifadələr işlətdi. Ona danışıq tonuna fikir verməsini bildirərək şillə vurdum və işimi işləməyəcəyimi, çıxaraq gedəcəyimi dedim. Dönüb yerdəki alətlərini yığan zaman Nadir kürəyimdən taxta ilə vurdu. İkinci dəfə vuran zaman taxtanı özümdən geriyə doğru qaytardım. Pilləkənin qırağına taxta qoymuşdum. Nadiri həmin taxta ilə başından vurdum. Nadir gedərək yerdə oturdu. Amma başı qanamadı. Dedi ki, səni tutduracam. Oradan çıxaraq evə getdim. Evdə niyə dalaşdığımı soruşdular. Heç nə demədən yatdım. Gecə saat iki radələrində ayıldım. Bir də onlara səhər getdim”. 

Təqsirləndirilən şəxs bildirib ki, daş bazarında fəhlə işləyib, fərdi işlərə gedib: “Taxta ustasıyam. Nadirin orada çayçı İlqar ilə tanışlığı olub. İlqarın vasitəsilə Nadirlə tanış olmuşam. Nadirin evində pilləkən yığırdım. Nadirin evində təxminə iki ay işləmişəm. Əvvəlcə gördüyüm işi min üç yüz manata razılaşmışıq. Sonra əlavə işlər oldu. Birinci mərtəbədən ikinci mərtəbəyə pilləkən yığdım. On üç pillə olub, hər pillə material da daxil yüz manatdan hesablamışıq. Sonradan on beş pillə oldu. Ümumi min beş yüz manata razılaşdıq. Sonra pilləkən balyaskaları iki yüz-iki yüz əlli manat etdi. Sonra haradasa min yeddi yüz manata razılaşdıq. Nadir mənə əvvəlcədən yeddi yüz manat verdi. Mən pula materialları aldım. Pulun qalanını vermədi. Mənə təxminən min manata yaxın borcu qaldı. Mən işləmək istəmədim. Məni sahə müvəkkili ilə təhdid etdi. Sahə müvəkkili məni tutaraq apardı, niyə işləmədiyimi soruşdu. Nadir məni polislərlə hədələdi. Sahə müvəkkili deyirdi ki, birini də havayı et. Mən də pula ehtiyacım olduğumu dedim. Sahə müvəkkili Nadiri tanıyırdı. Haradan tanıdığını bilməmişəm. Amma sahə müvəkkilinin nömrəsi də Nadirdə olub. Bir şey olan kimi ona zəng edib. Məni neçə dəfə bölməyə apararaq hədələyiblər. Bir kisə marixuana ilə məni yükləyəcəklərini deyiblər. Təhdid olunduğum üçün Nadirin evində usta işləmişəm. İşimi də qurtarmışam. Təkcə lak işi qalıb”.

Samirin ifadəsinə görə, avqustun 17-də mübahisə ilk olaraq pul üstündə düşüb: “Mənə dəfələrlə pul verəcəyi barədə söz verdi. Ona məktəbin başlamasına az qaldığını, məktəb forması almalı olduğumu dedim. Hətta dedim ki, üç yüz-beş yüz manat ver, qalanı qalsın, istəmirəm. Deyirdi ki, işlə qurtar verəcəm. Hər dəfə gedirdim. Axırıncı dəfə dedi ki, bankdan, ya da haradansa beş yüz manat götürərək mənə verəcəkdir. Sonra dedi ki, yolda material aldığı üçün pulu materiala verib. Mən də Nadirə axı pul gözlədiyimi, mənə söz verdiyini bildirdim. Nadir evdə tək yaşayırdı. Birinci mənim boyun nahiyəmdən vurdu. Boynumda izi var idi, göy idi. Boynumdakı xəsarətlə bağlı ekspertizadan keçməmişəm. Evdə dalaşdığımı soruşdular. Mən də dalaşdığımı dedim. Nadir mənə birinci dəfə zərbə endirdikdən sonra pilləkənin üzərinə yıxıldım. İkinci dəfə məni vurmaq istədi. Pilləkənin yanına qoyduğum taxta var idi, həmin vaxt əlimə keçdi. Taxta Nadirə dəydi. Nadir divarın yanında gedib oturdu. Taxta ilə vurduğum zərbə Nadirin baş hissəsinə dəydi. Nadirin başı partladı. Məni tutduracağını dedi. Nadir stola sürtüldü, stol aşdı. Sonra Nadir divanın yanında oturdu və məni tutduracağını dedi. Oturandan sonra tərpəndim, danışdım. Sonra cibimdə olan telefonumu çıxardım. Məni söydü, mən də evə getdim. Fikirləşdim ki, mənə yenə zəng edəcək. Mən Nadirgildən çıxanda qapını örtərək getmişəm. Narahat olduğum üçün yenidən onlara getdim. Nadirgilə gəldim ki, görüm, nə olub. Qapını açanda gördüm ki, divanın yanından qapıya tərəf gəldi. Qapını açdım, gördüm ki, Nadir yerdə uzanıb, üzünün bir hissəsi qaradır. Əlimi vuraraq gördüm ki, soyuqdur. Tutulmaq istəmədiyim üçün bel götürdüm, tində bir az yer qazdım. Meyiti ora apardım və sonra üzərini örtdüm. Taxtaları da üzərinə qoydum. Basdıran zaman Nadirin hansısa əşyasını götürməmişəm. Çıxanda qapını bağladım. Mobil telefonu zibil qabına atdım. Mobil telefonu söndürüb-söndürmədiyim yadımda deyil. İkinci dəfə çıxanda qapını açarla bağladım. Açarı da zibil qabına atmışam. Açar və mobil telefonu izi itirmək üçün zibil qabına atmışam. Nadiri basdırandan sonra onun mobil nömrəsinə zəng etməmişəm. Ayın 17-i hadisə olan zaman Nadir məni söyüb acıladığı, pis sözlər dediyi üçün təcili tibbi yardım çağırmamışam. Nadirin yaşını təxminən yetmiş bilmişəm, onun 1941-ci il təvəllüdlü olmasını bilməmişəm”.

İş üzrə zərərçəkmiş Nadirin hüquqi varisi qismində ifadə verən nəvəsinin sözlərinə görə, atası o, balaca olandan bəri psixiatriya xəstəxanasında yatır: “Bundan sonra ata və anam məcburi şəkildə ayrılmalı oldular. Anam ilə bərabər Ağdam rayonuna köçdük. Babam da atamın psixiatriya xəstəxanasına göndərdi. Nadir mənim ata tərəfdən babamdır, biz neçə illər əlaqə saxlamamışıq. Dörd-beş il idi ki, babam ilə aramızda gediş-gəliş var idi. 2022-ci ilin avqust ayının 7-də biz Ağdama qayıtdıq. Babam hər dəfə bizimlə əlaqə saxlayaraq evə çatıb-çatmadığımızı soruşurdu. Bu dəfə nəsə əlaqə saxlamadı. Biz də bir az şübhələndik. Babam adətən telefonu gec götürdü, qoca idi deyə hətta telefonun enerjisi bitdikdə bunu anlamırdı. Bu səbəbdən babam zənglərə gec-gec cavab verdi. Biz təxminən bir həftə zəng elədik. Ancaq ona zəng çatmadı. Bundan sonra anam, atamın dayısı Kərimə zəng etdi ki, bəs babam Nadirdən xəbər çıxmır, babamın itkin düşməsi ilə bağlı polisə məlumat versin. Əmim də polislərə məlumat verdi. Sağolsun polislər də işin üstünə düşdülər. Haradasa təxminən bir aya yaxın vaxt keçdi. Polislər məhəlləni qazdılar. Orada bir əsas ev, bir də yan tərəfdə ev olub. Babamı yan tərəfdəki evi tikdirirdi ki, o, əsas evdə yaşayanda, atam da psixiatriya xəstəxanasından çıxıb yan tərəfdəki evdə yaşasın. Amma yan tərəfdəki evin döşəməsini vurmamışdı. Ora torpaq idi. Torpağı qazanda mən iştirak etməmişəm. Polis onlara daxil olmuş məlumat əsasında yeri qazıb, o cür babamın cəsədi tapıldı. Evin ortadakı otağının qapısı bağlı olub. Qapını açaraq içərisini qazdılar, içəridən cəsəd çıxdı”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsi tərəfindən barəsində təyin edilmiş cəzadan narazı olduğunu, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib. 

Onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top