“Azərbaycan Səfəvi və Əfşar imperiyaları xristian missionerlərinin məlumatlarında” kitabı çapdan çıxıb

SOSİAL 29 oktyabr 2024, 16:59
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadənin “Azərbaycan Səfəvi və Əfşar imperiyaları xristian missionerlərinin məlumatlarında” kitabı çap olunub.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, yeni nəşrin layihə rəhbəri, elmi redaktoru və “Ön söz”ünün müəllifi AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur.

BDU-nun Tarix fakültəsinin Elmi şurasının qərarı ilə çap olunan əsərdə xristian missionerlərinin məlumatları əsasında Azərbaycan Səfəvi və Əfşar imperiyalarının tarixinin indiyədək lazımınca öyrənilməmiş bir çox məsələləri işıqlandırılır.

Tarixçi alim Sevinc Məlikzadə monoqrafiyasında missioner sənədlərinə tənqidi yanaşaraq, bu sənədlərdə tez-tez işlədilən “böyük Ermənistan” ifadəsinin, həmçinin türkəsilli xristian albanların “erməni” kimi təqdim olunmasının saxtakarlıq olduğunu xüsusi qeyd edir. Müəllif dünyanın ən geniş ərazili və uzunsürən imperiyalarından biri olan Səfəvi imperiyasını və Hindistan fatehi Nadir şah Əfşarın yaratdığı Əfşar imperiyasını tamamilə haqlı olaraq “Azərbaycan imperiyaları” adlandırır və o, bu tarixi həqiqəti monoqrafiyanın adına da çıxarır. Bu, dövlətçilik tariximizdə “imperiya” anlayışının elmi dövriyyəyə daxil edilməsində yeni və mühüm bir addımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top