XİN: Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə əsassız və qərəzli bəyanatını rədd edirik

GÜNDƏM 23 oktyabr 2024, 00:27

Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik.

Demokrat.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Avropa Parlamentində müzakirələr zamanı səsləndirdiyi əsassız iddialarına dair şərhində yer alıb.

"Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.

Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır.

AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir", - A.Hacızadə qeyd edib.

XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqının aidiyyəti qurumlarının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi fonunda, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur: "Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlim dəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə əlaqələndirmək cəhdləri bəzi Avropa siyasətçilərinin real simasını bir daha nümayiş etdirir.

Biz, Avropa Parlamentini və ümumilikdə Aİ tərəfini regionda sülh və sabitliyə zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətlə çağırırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top