Kafedə işləyən ofisiant həmkarını öldürdü — TƏFƏRRÜAT

DÜNYA 17 oktyabr 2024, 14:06
Mingəçevir şəhərində 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevi qətlə yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Kənan “Miraj” kafesində birlikdə işlədiyi iş yoldaşı Məhəmmədin 2021-ci ilin iyulun 3-də, saat 21 radələrində həmin kafedə işləyən digər iş yoldaşı Rövşəni itələməsindən hiddətlənib. Onunla mübahisə etsə də, ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində həmin mübahisəni dayandırmasına baxmayaraq, Məhəmməd Alıyevin  iyulun 4-də, gecə saat 00:15-də iş vaxtı bitdikdən sonra “Miraj” kafesinin yaxınlığında tanışları ilə birlikdə toplanıb və Kənanı aralarında olan mübahisəni davam etdirmək üçün dəvət edib. 

Daha sonra Kınan Məhəmməd Alıyevə yaxınlaşaraq onunla təklikdə söhbət etmək istədiyini bildirib və birlikdə yaxınlıqda olan başqa yerə gediblər. Orada həmin gün aralarında baş vermiş münaqişəni müzakirə edərkən Məhəmməd Alıyevin qəflətən onun burun nahiyyəsinə yumruq zərbəsi vurub. Kənan isə özündə olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Çoxsaylı zərbələr alan Məhəmməd ölüb. 

Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 3-də, saat 13 radələrində Mingəçevir şəhərində yerləşən işlədiyi “Miraj” kafesində keçirilən toy şənliyində ofisiant olaraq o, Nizami, Məhəmməd, Anar, Nicat, Maqa, Alı, Rövşən və adlarını bilmədiyi 3 nəfər digər şəxslər xidmət ediblər: “Məhəmməd həmin gün işə başlamışdı, saat 17 radələrində toy şənliyi başa çatdıqdan sonra kafeni səliqəyə saldıq. Həmin vaxt kafe boş olduğundan orada təxminən 50 qram spirtli içki olan araq qəbul etdim. Bundan sonra kafeyə qonaqlar gəldiyinə görə  Məhəmməd, Anar, Nicat və Maqa kafenin həyətində olan masalara xidmət etməyə başladıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 21 radələrində iş yoldaşı Rövşənin kafenin zalında ofisiant işləyən Nizami adlı şəxsə irad bildirdiyini, bu zaman Məhəmməd də Nizamini müdafiə edərək Rövşənin üzərinə gələrək sonuncunu əli ilə itələdiyini görüb: “Məhəmmədin bu hərəkəti mənim xoşuma gəlmədiyinə görə ona irad bildirdim. Rövşənin yaşca böyük olduğunu və etdiyi hərəkətin düzgün olmadığını dedim. Məhəmməd dediklərimi qəbul etməyərək məni də itələdi. Mən də Məhəmmədin sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirdim. Bundan sonra Məhəmməd də mənim sifət nahiyyəmə bir dəfə yumruqla zərbə endirdikdən sonra orada olan iş yoldaşlarımız bizi aralaşdırdılar. Saat 24 radələrində işi qurtararaq əmək haqlarımızın verilməsini gözləyən zaman iki nəfər tanımadığım və Məhəmmədin dostları olduğunu bildiyim şəxs kafenin içərisində mənə yaxınlaşdı, Məhəmmədi mənim vurub vurmadığımı soruşdu. Mən də Məhəmmədi vurduğumu bildirdim. Məni çöldə gözlədiklərini bildirdilər. Kafedən çölə çıxan zaman təxminən 7-8 nəfər şəxsin məni gözlədiyini gördüm. Həmin vaxt Məhəmməd və Nizami də həmin şəxslərin arasında olub. Oraya yaxınlaşaraq Məhəmməd ilə təkbətək söhbət etmək isdədiyimi bildirdim. Məhəmməd mənimlə razılaşdı. Məhəmməd ilə ikimiz “Səbinə” marketdən sol tərəfdə yerləşən küçəyə keçdik. Orada Məhəmməd onu niyə vurduğumu soruşdu. Mən də Rövşəni itələdiyi üçün vurduğumu bildirdim. Həmin vaxt cibimdə gəzdirdiyim açılıb-bağlanan qara rəngli cib bıçağı sağ əlimdə tutdum. Əlimdə bıçaq tutduğumu görən Məhəmməd onu vura biləcəyimi soruşdu. Hər hansı cavab vermədən Məhəmməd qəflətən yumruq zərbəsi ilə burun nahiyyəmə zərbələr endirdi”.

Kənanın ifadəsinə görə, daha sonra onun sağ ayağının bud nahiyyəsinə təpiklə vurub və bir-biri ilə tutaşıblar: “Bu vaxt Məhəmməd sağ qolu ilə boynumdan tutaraq aşağı doğru çəkdi. Mənim ailəmin ünvanına nalayiq söyüşlər söydü. Mən də həmin vaxt əsəbləşdim və özümü itirərək sağ əlimdə tutduğum cib bıçağı ilə bir neçə dəfə Məhəmmədə bıçaq zərbələri endirdim. Lakin, həmin vaxt Məhəmmədin hansı nahiyyələrinə bıçaqla zərbə endirdiyimi bilməmişəmd. Bıçaq zərbələri endirərkən hər ikimiz birlikdə yerə yıxıldıq. Tədricən Məhəmmədin qolunun boşaldığını hiss etdiyimdən bıçaq zərbələrini dayandıraraq buraxdım. Məhəmməd həmin vaxt can verdi. Bundan sonra insanlar toplaşan “Səbinə” marketin qarşısına gəldim. Həmin marketin qarşısına gələrkən əlimdəki bıçağı marketə çatmamış sağ tərəfdə yerləşən evin həyətyanı sahəsinə atdım. Orada toplaşan insanlara Məhəmmədi götürmələrini bildirdim. Bundan sonra qorxduğumdan “Səməni” restoranı istiqamətində qaçaraq sağ tərəfdə olan küçəyə döndüm. Orada olan kolların arasında bir neçə saat gizləndim. Bundan sonra polis əməkdaşları məni taparaq şəhər prokurorluğuna gətirdilər. Etdiyim əməldən peşman olmuşam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Onlar şikayətlərini belə əsaslandırıblar ki, təqsirləndirilən şəxsin barəsində daha ağır ittiham elan olunması üçün prokurora qaytarılmasından ötrü Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. 

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar veriblər. Qərara görə, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunmayıb. 

Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi kasasiya şikayəti verib. Zərərçəkmiş şəxsin hüquqi varisi kasasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsindən qərarının ləğv olunmasını, işin yenidən Şəki Apellyasiya Məhkəməsində baxılmaq üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş edib. 

Ali Məhkəmədə şikayəti araşdıran hakimlər heyəti də qərar verib. Qərara görə, bu şikayət də təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top