Halallıq standartlarına əməl edilməsi əhalinin marağını təmin edir

GÜNDƏM 12 oktyabr 2024, 20:06
İctimai maraqların müdafiəsi, bu istiqamətdə mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması bütün sahələrdə əhəmiyyət daşıyır. Əhalinin sağlamlığı cəmiyyətin ümumi rifahına təsir edən amildir. Əhali arasında sağlam və halal qidalara önəm verən insanlar çoxdur. Halal sənaye yalnız qida ilə bağlı olmayıb, həyatın bütün sahələrini əhatə etməkdədir. Dünyada halal biznes və praktikalara maraq getdikcə artır. Bu baxımdan Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda halal qida, məhsulların halal olması kimi məsələlərin müzakirəsi bu  sahənin inkişafında, standartların müəyyən edilməsi və təmin  edilməsində mühüm rol oynayır. İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyi tərəfindən ilk dəfə keçirilən tədbirdə halal sənayenin inkişaf perspektivləri, bu sahədə standartlar, sektora investisiya qoyuluşu və əməkdaşlıq imkanları müzakirə edildi. 


Tədbirin açılışında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirdi ki, bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin sözlərinə görə sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək. AZHAB Forumu həm də əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin aparılması, məhsulların nümayişi, halal sənayedə etik və dayanıqlı təcrübələrin təşviqi ilə yanaşı, regionda biznesin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Bu məqama toxunan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzurda milli-mədəni irsin dirçəldilməsi, eləcə də tarixi abidələrin əvvəlki əzəmətinə qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə beynəlxalq təşkilatların rəhbər şəxsləri də iştirak edib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında söyləyib ki, bir çox məhsulların istehsalında 3 mindən artıq qida əlavəsindən istifadə olunur:



“2013-cü ildə Türkiyədə beynəlxalq konfrans keçirildi. AİB-nin sədri olaraq mən də orada iştirak etdim. Konfransda bir çox məsələlər müzakirə olundu, lakin dünyada ət və ət məhsullarının istehsalında istifadə olunan qatqıların tərkibini araşdırmaq çətin oldu.  İştirakçılar arasında dünyanın nüfuzlu din alimləri və qida mütəxəssisləri var idi. 

İllər boyu Azərbaycanda halal sertifikat vermək adı ilə xarici və yerli MMC-lər fəaliyyət göstərib. Qafqaz Müsəlmanları İdarəsi də bu işin içində olub, pul müqabilində saxta halallıq sertifikatları verilib. 8 il bundan öncə AİB məsələ qaldırdı, bu sahədə şəffaflığın təmin edilməsi üçün təkliflər Verdi. Kollegial formada müəyyən monitorinqlərdən sonra beş müəssisəyə halal sertifikatın verilməsinə nail olduq. Son il yarımdır ki, İqtisadiyyat Nazirliyində yenidən halal standartın yaradılması məsələsinə toxunulur. Halal standartın yaradılmasında mən də iştirak etmişəm. Təkliflər versək də, ürəyimizcə olmayan bir standart qəbul olundu. Onurğasızlar halaldır, ya halal deyil – məsələn, zürafə qoşa dırnaqlıdır, gövşəyəndir, əti halaldır, yoxsa, yox, bu kimi məqamlar araşdırılmalı idi.  Halal standarta uyğun məhsul istehsal edən müəssisədə izləmə sistemi olmalıdır ki, inanclı insanlar xammalın haradan gəldiyini, məhsulun necə hazırlandığını izləyə bilsinlər. Halal mal istehsal edən müəssisənin kredit, bank borcu olmamalıdır. Bu kimi təkliflərimiz təəssüf ki, nəzərə alınmadı və zəif bir standart qəbul olundu”. 

E.Hüseynov bildirib ki, Azərbaycanda bir çox müəssisələr xaricə məhsul çıxarmaq istəyir, xüsusən də müsəlman ölkələrinə məhsul ixrac etmək üçün halal standartlara əməl olunması zəruridir:

“İllər boyu rüşvətlə verilmiş standartların ləğv edilməsi zəruridir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi illər boyu verdiyi saxta halal standartlarını ləğv etməlidir. Müəssisələrdə yenidən monotorinqlər keçirilməli, inanclı insanların aldadılmasının qarşısı alınmalıdır. Halal sertifikatın verilməsi prosesi kollegial formada keçirilməlidir, ictimaiyyətə açıq olmalıdır. Bu işdə media da aktiv şəkildə iştirak etməlidir. Halal MMC-nin mütəxəssisləri də bu işə qoşulmalıdırlar və burada pul amili olmamalıdır. Halal istehsala uyğun istehsal edilən mallarla dünya bazarlarına çıxmaq olar.  

Dünyada il ərzində halal məhsullara insanlar 3 trilyon dollar pul xərcləyir. Cənubi Afrikanın xristian hissəsində də, Ermənistanda da halal məhsullar satılır. Xristian ölkələrində də halal məhsullara üstünlük verirlər, çünki tərkibi orqanik, təbii olur. Təkcə qida məhsullarının istehsalında deyil, turizm, kosmetika sənayesində, xidmətlərdə halallıq standartları gözlənilməlidir. Forumun keçirilməsi fikrimcə, mühüm əhəmiyyət daşıyır. Müvafiq qurumlar bundan sonra prosesi açıq və şəffaf həyata keçirməlidir. Düşünürəm ki, bu sahədə müsbət irəliləyişlər görəcəyik”.

Qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı sayta açıqlamasında qeyd edib ki, halal məhsul böyük bir qida zəncirini əhatə edir:



"Fermadan süfrəyə ətin çatdırılmasında qida zəncirinin bütün tələblərinə cavab verilməlidir, qırılmalar olmamalıdır. Xəstə heyvanın kəsilib ətinin yeyilməsi haramdır. Həmçinin bir-birinin yanında qan içində kəsilən heyvanın əti də haram hesab olunur. Ət kəsiminə mütləq baytar nəzarət etməlidir. Kəsim yeri, məntəqələr standartlara, sanitar-gigiyena normalarına uyğun olmalıdır. Heyvanları bir-birinin gözü qarşısında kəsmək olmaz, çünki belə olduqda orqanizmdə stress hormonları çoxalır, həmin heyvanların ətini yeyən insanlara bunun mənfi təsiri ola bilər. Ət halallıq qaydalarına uyğun kəsilsə də, çatdırılma düzgün edilməyibsə, bu zaman da həmin ət halal sayılmır. Heyvan əti müəssisədə düzgün şərtlər altında saxlanılmalıdır. Saxlanma şəraiti və müddətinə mütləq diqqət edilməlidir. Natəmiz yerdə və ya şəraitdə, lazım olduğu vaxtdan çox saxlanılan ət bioloji çirklənməyə məruz qalır, bu zaman artıq halal olmur. Eyni zamanda xəstə heyvanın südünü də sağıb içmək olmaz. Heyvanın yemi də orqanik olmalıdır. Kəsimdən sonra ət yuyulmalıdır və dincəldilməlidir. İribuynuzlular üçün bu müddət 24, xırdabuynuzlular da 12 saatdır. Bütün bunlardan sonra ətləri marketlərə, satış obyektlərinə paylamaq olar".

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2024, 21:28
12 oktyabr 2024, 21:09
12 oktyabr 2024, 20:22
Top