Gəncədə toydan çıxan sərxoşlar arasında DAVA

HADİSƏ 08 oktyabr 2024, 18:25
Gəncə şəhərində 1973-cü il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Xəlilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 23-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” Hipermarktin arxasında baş verib.  Vüsal orada qəsdən Xəlilin üz nahiyəsinə əl zərbələri ilə vuraraq ona xəsarətlər yetirib. O, həmçinin orada səs-küy salaraq xuliqanlıq hərəkətləri edib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyunun 23-də Gəncə şəhərində yerləşən “Piramida” şadlıq sarayında dostunun oğlunun toy məclisində iştirak edən zaman məclisdə spirtli içki qəbul edib və sərxoş vəziyyətdə təxminən saat 21 radələrində toy məclisindən çıxıb: “Evə etmək üçün taksi sifariş verdim. Lakin taksi sifarişi qəbul etmədiyi üçün bir qədər piyada yeridim. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” Hipermarketin yaxınlığında yol kənarında avtobus dayanacağında tanımadığım, adı mənə sonradan məlum olan Xəlilin dayandığını gördüm. Xəlilə yaxınlaşaraq Gəncə şəhərində “Bağmanlar” adlanan yerə getmək istədiyimi, əgər onun da yolu həmin istiqamətdədirsə birlikdə pul qoyaraq taksi sifariş edə biləcəyimizi söylədim. Cavabında isə Xəlil mənə  söyüşlə kobud cavab verdi. Mən mübahisə yaranmaması üçün həmin yerdən uzaqlaşdım. Lakin Xəlil arxamca gəldi və məni “Gold Əminə” Hipermarktin qarşısında saxladı. Xəlil sərxoş vəziyyətdə məni təkrar nalayiq ifadələrlə təhqir etdi. Mən isə Xəlilə yoldan keçən insanların olduğunu bildirdim və onu “Gold Əminə” Hipermarketin arxasına dəvət etdim. Biz hipermarketin arxasına keçdikdə orada aramızlda mübahisə yarandı. Həmin vaxt özüm Xəlilin üz nahiyəsinə yumruq zərbəsi vuraraq aralandım və həmin yerdən uzaqlaşdım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəlilin sözlərinə görə, Samux rayonunda yaşayır və fərdi əməklə məşğul olur: “İyunun 23-də Gəncə şəhərində “Pramida” şadlıq sarayında qohumumun toy məclisi keçirildi. Mən həmin toy məclisində spirtli içki qəbul etdim və sərxoş vəziyyətdə təxminən saat 21 radələrində toy məclisindən çıxdım. Spirtli içkinin təsirindən çıxmaq məqsədi ilə bir qədər piyada yeridim. Həmin vaxt Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” Hipermarketin yaxınlığında yol kənarında avtobus dayanacağının yanına gələrək dayandım. Bu zaman tanımadığım, adı mənə sonradan məlum olan Vüsal yaxınlaşaraq Gəncə şəhərində “Bağmanlar” adlanan yerə getmək istədiyini, əgər mənim də yolu orayadırsa, pul qoyaraq bir taksi sifariş vermək istədiyini söylədi. Bu zaman spirtli içkinin təsiri altında olduğumdan Vüsala sərt cavab verdim. Vüsal da həmin yerdən uzaqlaşdı. Lakin özüm Vüsalın arxası ilə getdim, onu “Gold Əminə” Hipermarketin qarşısında saxladım. Sərxoş vəziyyətdə olduğum üçün özümdən asılı olmadan onu nalayiq ifadələrlə təhqir etdim. Vüsal yoldan keçən insanların olduğunu bildirdi və məni hipermarketin arxasına dəvət etdi. Biz hipermarketin arxasına keçdikdən sonra orada aramızda mübahisə yarandı. Vüsal mənim üz nahiyəmə yumruq zərbələri vuraraq məni döydü”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalın əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.

İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
Top