"Uşaq evlərində böyüyən uşaqların gələcəkdə hansısa peşəyə sahib olması..." — Psixoloq

SOSİAL 23 sentyabr 2024, 14:38
Uşaq evlərində böyüyən uşaqlar daha həssas olurlar. Onların həyata baxışları hər zaman fərqlidir. Gələcək həyatları uşaqlığın hekayəsindən asılıdır. İstənilən şəxsin psixoloji pozuntusu ilə bağlı fikir ifadə etmək üçün ilkin müşahidə lazımdır, amma ilkin müşahidə qısa müddətli ola bilməz. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov  deyib. O bildirib ki, insanın psixi sağlamlığı mühitlə tənzimlənir:

“Uşaq evlərində mühitin sağlamlığı uşaqların gələcəkdə cəmiyyətə adaptasiyasına təsir edir. Bəzən cəmiyyətin uşaq evlərində böyüyən insanlara qarşı mövqeyi adekvat deyil. Empatiya qurmadan onlarla münasibətlərini tənzimləyirlər. Uşaq evlərində böyüyən uşaqlarla digər uşaqlarla olduğu kimi eyni davranışı sərgiləmək lazımdır. Bütün uşaqlara münasibət eyni olmalıdır. Hansısa mənfi və ya müsbət mövqeyin qoyulması ayrıseçkilik yaradır.

Uşaq evlərində sağlam psixoloji mühit davamlı inkişaf etdirilməlidir. Mədə də, zehin də davamlı qidalanmalıdır. Uşağın sağlamlığı və təhsili keçmişi xilas etməsə də, gələcəyi xilas edəcəkdir. Uşaq evlərində psixodiaqnostika ilə psixoloji mühitin dəyərləndirilməsi aparılmalıdır. Fərdi və qrup formasında psixoloji konsultasiyalar aparılmalıdır ki, sağlam psixoloji mühit yarana bilsin. Uşaq evlərində böyüyən uşaqların gələcəkdə hansısa peşəyə sahib olması onların sağlam psixoloji sabitliyinə bağlıdır. İctimaiyyət uşaqların həyatları ilə bağlı məsuliyyətli olmalıdır. Hər bir informasiya uşaqların gələcəyində fəsadlar verə bilər. Problemin həlli istiqamətində müxtəlif maarifləndirici fəaliyyətlər aparılmalıdır. Heç kimin övladına qarşı yad davranmaq olmaz. Yad uşaq yoxdur, yad düşüncə var”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top