Birincilərə məktəbə adaptasiya dövründə kömək etmək lazımdır — Psixoloq

GÜNDƏM 17 sentyabr 2024, 18:38
 Tədris ilinin ilk günü maraqlı anlarla yadda qaldı. Xüsusən də 1-ci sinfə gedən uşaqların sosial şəbəkələrdə yayılan görüntüləri maraqla izlənildi. Həmişəki kimi bəziləri sevinir, bəziləri isə ağlayır, anasının əlindən bərk-bərk tutur, evə qayıtmaq istəyirdilər. 

Psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında deyib ki, uşaqların ilk dəfə məktəbə gedərkən müxtəlif reaksiyalar göstərməsi normaldır:

"Hər uşaq fərqlidir. Hər uşaq fərqli ailədə doğulur, fərqli mühitdə formalaşır. Hər yeni mərhələyə də uşaqlar fərqli reaksiyalar verə bilirlər, adaptasiya dövrü müxtəlif keçir. Bəzi uşaqlar bağçaya, məktəbə asan və tez alışır, bəzilərində isə bu, zaman alır. Bu da uşağın böyüdüyü mühitlə bağlıdır, həmçinin uşağın xarakteri də davranışlarına təsir edir. Uşaqlar tanımadıqları yerdə, tanımadıqları insanların arasında özlərini narahat hiss edə bilərlər. Böyüklərdə də bu, belədir. Bəzi insanlar da ilk dəfə yad mühitə düşdükdə sıxıla, özlərini narahat hiss edirlər. Uşaqların məktəbə gedərkən ağlamaları, sinfə daxil olmaq istəməmələri, evə getmək istəmələri, analarından ayrılmamaq istəyi tam normaldır. Belə olan halda valideyn və müəllim uşağa qarşı anlayışla davranmalı, onlara adaptasiya dövründə yardımçı olmalıdırlar. Uşağa hər hansı bir formada təzyiq göstərmək əksinə, onda qorxu hissi yarada, məktəbdən soyumasına, müəllimi, sinif yoldaşlarını sevməməsinə, məktəbdə aqressiv davranışlar sərgiləməsinə səbəb ola bilər".

Törə Zeynallı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top