Azərbaycana qarşı bütün siyasi hoqqabazlıqların reallaşma əmsalı sıfıra bərabərdir — Deputat

GÜNDƏM 13 sentyabr 2024, 18:34
Bu gün ABŞ Təşkilatının Baş Məclisində 193 dövlət təmsil olunur. İnanın ki, o dövlətlərin içərisində müstəqil və milli maraqlara söykənən siyasət aparan dövlətlərin sayı barmaq sayı qədərdir. Azərbaycan da məhz belə dövlətlərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Buna dostlarımız sevinir, amma Azərbaycanı sevməyən beynəlxalq siyasi dairələrin yuxusuna haram qatılır. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. 

Deputat bildirib ki,  onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın tutduğu inkişaf yolundan çəkindirsinlər:

“Bu ölkələr həzm edə bilmirlər ki, niyə Azərbaycan belə sürətlə inkişaf edir, öz hədəflərinə çatır, strateji niyyətlərini icra edir, ərazi bütövlüyünü və suverenliyini tam və qəti təmin edə bilir. Eyni zamanda Şərqi Zəngəzurda azad etdiyi torpaqlarda bərpa quruculuq işlərini böyük sürətlə icra edir. Belə hallarda anti-Azərbaycan beynəlxalq dairələr, xüsusilə ABŞ-da və bir sıra Qərbi Avropa ölkələrində toplanmış siyasi cəmiyyət çalışıblar ki, Azərbaycanda siyasi sabitliyi pozsunlar, vətəndaş həmrəyliyini, dağıtsınlar, səfərbər olunmuş cəmiyyəti parçalasınlar. Lakin bunların bu çirkin niyyəti baş tutmayıb. Çünki Azərbaycan xalqı öz Prezidenti ətrafında monolit qüvvə kimi birləşib, həmin siyasəti dəstəkləyir və bu, bizi güclü edir. Eyni zamanda, Azərbaycana qarşı beynəlxalq dairələri, xüsusilə ABŞ və Qərbi Avropadakı siyasi dairələri fəal addımlar atmağa sövq edir və cürbəcür vasitələrə əl atırlar. Gah özlərinin formalaşdırdığı beşinci kolon imkanlarından istifadə edirlər, çeşid-çeşid, digər variantları işə salırlar. Ancaq görürlər ki, Azərbaycanda belə variantlar keçməz. Artıq beşinci kolon da, çoxdan sıradan çıxıb. Belə olan vəziyyətdə yeni-yeni təzyiq üsullarına əl atırlar. Məhz onların birini qeyd etmək istəyirəm. Ermənistanın müdafiə naziri Papikyan sentyabr ayının 8-dən Cənubi Koreyadadır. Məlum olur ki, Cənubi Koreya ilə  hərbi əməkdaşlıq sahəsində müqavilə  imzalayırlar və rəsmi Seul Ermənistanı silah sursatla təmin etmək öhdəliyini üzərinə götürüb. Xüsusilə də, tanklarla. Eyni zamanda Ermənistan nümayəndə heyəti Yaponiyadadır. Yaponiyanın da müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə olunur.  Fransa, Yunanıstan, Hindistan Ermənistana silah verir. İndi  isə Cənubi Koreyanı bu prosesə qoşmaq istəyirlər. Potensial qüvvə kimi Yaponiyaya çıxış etməyi nəzərdə tuturlar və nəzərə alsaq ki, Seul və Tokio da Vaşinqtondan dəstək alıb, onun müttəfiqidir. Bu halda Azərbaycana qarşı yeni təzyiq üsullarının işə salındığını biz görürük. Amma bunların heç birinin nəticəsi olmayacaq. Azərbaycan güclü dövlətdir, güclü lideri, güclü xalqı, güclü ordusu var. Ən başlıcası, vətəndaş həmrəyliyi hökm sürür. Səfərbər olmuş cəmiyyət və xalq öz Prezidentini müdafiə edir. Bütün bu reallıqlar fonunda Azərbaycana qarşı  bu siyasi hoqqabazlıqların reallaşma əmsalı sıfıra bərabərdir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
09 oktyabr 2024, 09:14
Top