ABŞ və Qərb ölkələri Azərbaycanda sabitliyin pozulmasına çalışırlar — Fazil Mustafa

SİYASƏT 13 sentyabr 2024, 14:31
ABŞ və Avropa ölkələrinin Azərbaycanla bağlı  siyasəti daha çox Qafqazda Azərbaycanın lider mövqeyinə keçməsi ilə bağlıdır. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, onlar Azərbaycanın lider mövqeyindən ciddi narazılıq hissi yaşayırlar:

“Onlar üçün ölkələr arasında daha çox  simpatiya bəslədiyi Gürcüstan və Ermənistandır. Amma bu ölkələrin də potensialı Azərbaycanla müqayisə olunacaq səviyyədə olmadığı üçün onları dəstəkləyib hansısa bir ön mövqeyə çəkə bilmirlər. Ona görə də Azərbaycanın fəaliyyətini tormozlamağa daha çox üstünlük verirlər. Bunun üçün də müxtəlif əngəllər yaradılar.  Azərbaycanda bütövlükdə sabitliyin pozulması üçün müxtəlif vasitələrə əl atırlar. Hətta bir çox hallarda Cənubdan və İrandan narkotikin ölkəyə buraxılmasına göz yumurlar. Üstəlik bu ölkənin Azərbaycanda dini təxribatlarının qarşısının alınmasına da hər hansı bir köməklik göstərmirlər. Çünki onların özlərinin də marağına uyğundur ki, hansısa vasitələrlə Azərbaycanda sabitliyi pozsunlar və müəyyən problemlər yaratsınlar. Ağlı başında olan insanlar anlamalıdırlar ki, Azərbaycan Şərqdə və ölkələr arasında Avropa dəyərlərinə uyğun sekulyar bir ölkədir. Məhz bu sekulyarizmin müdafiəsi istiqamətində dəstək olduqca vacibdir. Çünki Azərbaycan və Türkiyə Şərq arealına bir nümunə olaraq  götürülür. Çünki burada dini inancların qorunması ilə yanaşı, dünyəvi dövlətin prinsiplərinin də toxunulmazlığı təmin olunur. Bu olduqca mühümdür. Çünki dünyəvi dövlət olmaq avropalı olmaq deməkdir, Qərb mədəniyyətinə yaxın olmaq deməkdir. Bütövlükdə çalışmalıyıq ki, ABŞ-ın və Qərbi Avropa ölkələrinin maraqları üzərində müzakirə aparmaq əvəzinə özümüzə aid olan müəyyən problemləri həll edək ki, xalqımız rifah içində yaşasın və Avropa dəyərlərinə uyğun yaşayışı Azərbaycanda təmin etmək mümkün olsun”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2024, 09:30
15 oktyabr 2024, 09:20
15 oktyabr 2024, 08:48
Top