Toyu olmağa hazırlaşan gənc qohumunu bıçaqladı, meşəyə qaçdı — TƏFƏRRÜAT

KRİMİNAL 10 sentyabr 2024, 14:00
İmişli rayonunda 1998-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Nadirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin sentyabrın 3-də İmişli rayonunun kəndlərindən birində baş verib. Abbas kənddə yerləşən məscidin yaxınlığında qohumu Nadirin onun atasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranan mübahisə zəminində qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsindən bir dəfə vurub.

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nadir qohumu olmaqla aralarında münasibətləri həmişə yaxşı olub: “Sentyabrın 3-də, axşam saat 20 radələrində qohumum Ələddin ilə piyada gedərkən Nadiri özünə məxsus “Belarus T-80” markalı traktorla bizə yaxın keçdiyindən aramızda mübahisə yarandı. Mübahisə zamanı Nadir atamı təhqir etdiyi üçün ona yumruq atsam da, yumruq ona dəymədi. Həmkəndlilərimiz Alim ora gələrək oradan getməyomo tələb etdiyi üçün oradan getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 15-20 dəqiqədən sonra Nadir traktorla qayıdarkən onu yolda görüb və ondan traktora minməsini istəyib: “Nadir traktoru saxladım. Traktorun kabinasında Nadirdən atamı söydüyünə görə məndən üzr istəməsini tələb etdim. Nadir üzrə istəməyərək traktordan düşərək mağazaya getdi. Nadir mağazadan aldığı “Bizon” markalı enerji içkisinin birini mənə verdi. Sonra isə “Sən deyən kimi olsun” – deyərək evə getməyi təklif etdi. Nadir atamı təhqir etdiyinə görə üzr istəmədiyi üçün onu cəzalandırmaq məqsədilə üzərimdə gəzdirdiyim cib bıçağını əynimdəki idman şalvarının sağ yan cibindən çıxardım və bir dəfə onun sinəsindən vurdum. Sonra traktordan düşərək oradan uzaqlaşdım. Bıçağı yaşadığım evin həyətindəki tualetə ataraq kəndinin meşəsinə getdim. Səhəri gün evə gələrək dayım ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə gedərək törətdiyim hadisə barədə izahat verdim”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda gənc olmasını, ailə həyatı qurmağa hazırlaşmasını, 2-ci Qarabağ müharibə zamanı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə, eləcə də Zəngilan və Qubadlı rayonlarının müdafiəsi və mühafizəsində iştirak etməsini nəzərə alınmasını istəyib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbasın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 2 il 7 ay 2 gün müddətinə şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top