Mətbuat Şurasında “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda konfrans keçirildi

MEDİA 30 avqust 2024, 16:27
Avqustun 30-da Azərbaycan Mətbuat Şurasında  “Dezinformasiyaya qarşı mübarizə vasitələri”  mövzusunda konfrans keçirilib. 

Demokrat.az
xəbər verir ki, konfrans  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  tərəfindən icra olunan eyni adlı layihə çərçivəsində təşkil edilib.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə 5 ay müddətində davam edib:

 “Bu müddət ərzində  “Saxta xəbər” və onun növləri üzrə son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdirilib. Tədqiqat nəticəsində əldə edilmiş məlumatlar məqalələr halında hazırlanaraq media subyektlərində dərc edilib”.
 
Müşfiq Ələsgərli qeyd edib ki, layihə üzrə həm də inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumatlar toplanılıb: “Almaniya, Fransa, Türkiyə, Çin , Rusiya və ABŞ-də dezinformasiyaya qarşı mübarizə məqsədilə  tətbiq olunan modellər öyrənilib. Bu modellər barədə də maarifləndirici məqalələr hazırlanaraq media subyektlərində dərc edilib. Beləliklə, Azərbaycan xəbər istehsalçılarının inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat almalarına imkan verən məlumat bazası hazırlanıb”.
 
MŞ-də keçirilən konfarns zamanı bütün bu məlumatlar və onların dərc edildiyi informasiya resursları barədə məlumatlar çatdırılıb. 

Layihənin eksperti Araz Zeynalov öz çıxışında dezinformasiyaya qarşı ayrı-ayrı ölkələrdə tətbiq edilən modellərin mahiyyəti barədə danışıb. Daha sonra konfrans iştirakçılarını replika və sualları dinlənilib. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarov, siyasi şərhçi Asif Nərimanoğlu və digərləri öz çıxışlarında dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Natiqlər inkişaf etmiş ölkələrdə tətbiq edilən və dezinformasiyaya qarşı mübarizəni ehtiva edən modellərin Azərbaycanda da tətbiq edilməsinin müsbət nəticələr verə biləcəyini söyləyiblər.

Qeyd edək ki, “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2024, 20:00
13 sentyabr 2024, 19:37
Top