"Ermənistan hələ də silahlanmaya və təxribata can atır" — AÇIQLAMA

XARİCİ SİYASƏT 19 avqust 2024, 18:41
"Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir, açıq qalmış məsələlər həll edilmək üzrədir. Əgər kənar müdaxilələrə qulaq verməsə, Ermənistan da cəsarət tapıb boynuna düşən öhdəliyi icra edər. Fəqət kənar güclər var ki, problem yaradaraq özlərinin də iştirakçısı olmasını təkidlə irəli sürürlər. Lakin bu məsələ iki dövlət, Azərbaycan və Ermənistan arasında həll edilməlidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinin həlli, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı iddialar çıxarılmalıdır:

"Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycan və Ermənistan ərizə verməlidir. Ermənistan isə hələ də müəyyən qədər cəhd etsə də əsasən silahlanmaya və təxribata can atır. Qeyri-stabil siyasət aparan erməni tərəfi siyasi ziqzaqlar etməklə əslində özünə ziyan vurur. İranın dəstəyi Ermənistanadır, bu, əvvəldən belə olub. 

Məqsəd də türk dünyası ilə, əsasən də Türkiyə ilə Azərbaycanın əlaqələrini mümkün olduğu qədər çətinə salmaqdır. Ermənistanla bu qədər yaxınlığı da türk dünyasına, Türkiyə və Azərbaycana qarşıdır. Yəni, başqa bir səbəb ola bilməz ki, Ermənistan kimi bir dövlətə İran möhtac olsun. Normallaşma prosesinə zahirdə normal yanaşa bilər. Həmişə də belə olub. Lakin altdan Ermənistanı silahlandıracaq, Zəngəzur dəhlizinin açılmaması üçün onlara təsir göstərəcək".

Ekspert İranın küncə sıxışdığı tarixi bir mərhələdə olduğu üçün sülhpərvər obrazında çıxış edəcəyini düşünür:

"Fəqət Qərblə gərginləşən hazırkı durum ötəndən sonra yenidən əvvəlki münasibətinə dönəcək. Çünki ideoloji mövzular mövsümi siyasətlə dəyişmir. Sadəcə tələbə, zamana, şəraitə görə fərqli görkəm alır. Nə zaman İrana bölgədə sabitlik lazım olsa, onda sülhpərvər kimi çıxış edəcək. Haçan təxtibat lazım oldu, onda Ermənistanı təhrik edəcəklər müxtəlif üsullarla. ABŞ - ın faktiki olaraq Ermənistanda baza qurmasına İran o qədər də sərt münasibət bildirmədi. Bu, ideoloji məsələlərdə İranın Qərblə eyni hədəfə xidmət etdiyini göstərir".

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani ölkəsinin və Ermənistanın regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu deyib: 

“İran və Ermənistan regionda və sərhədlərdə sabitlik və təhlükəsizliyin bərqərar olmasının vacibliyini qeyd edir”, - o əlavə edib.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2024, 19:37
Top