Göygöldə 33 yaşlı kişi keçmiş arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 02 avqust 2024, 15:11
Göygöl rayonunda 1991-ci il təvəllüdlü Cabbar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cabbar məhkəmə qətnaməsinə əsasən rəsmi nikahları pozulmasına baxmayaraq, faktiki birlikdə yaşadığı keçmiş arvadı Leylanın yemək hazırlamaması səbəbindən bu ilin fevralın 15-də, saat 16 radələrində onunla mübahisə edib. 

Cabbar aralarında yaranmış mübahisə zamanı əlləri ilə Leylanın sifət və başının müxtəlif nahiyələrinə zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Leyla ilə ailə həyatı qurub və həmin nikahdan bir oğlan övladları doğulub: “Əvvəllər Leyla ilə münasibətlərimiz yaxşı olsa da, sonradan səbəbsiz yerə tez-tez mübahisələrimiz baş verib. Bu səbəbdən də Leylanın iddiası əsasında Kəlbəcər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə nikahlarımız sonlandırıldı, övladım onun himayəsində qaldı. Eləcə də mənə əvvəllər birlikdə yaşadığımız evdə yaşamaq hüququ verildi. Buna görə də boşanmağımıza bxmayaraq, mən Leyla ilə eyni ünvanda yaşamağa və övladımı himayəmdə saxlamağa davam etdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 12-də Goranboy rayonu, Veyisli kəndində yaşayan valideynlərinin yanına gedib, bir neçə gün orada qalıb: “Fevralın 15-də yenidən Leyla ilə birgə yaşadığım evə gəldim. Leyla ilə birgə yaşadığımız evə çatmazdan bir qədər əvvəl, saat 13 radələrində Leylaya zəng edərək mənə yemək hazırlamasını xahiş etdim. Lakin, həmin gün saat 16 radələrində evə çatdıqda yeməyin hazır olmamasını gördüm və əsəbiləşərək Leyla ilə mübahisə etdim. Əllərim ilə Leylanın sifət və başının müxtəlif nahiyələrinə zərbələr vurdum. Təxminən 5 dəqiqə davam edən mübahisə zamanı evdə 2020-ci il təvəllüdlü övladımdan başqa kimsə olmayıb. Leylanı döydükdən sonra evi tərk edərək getdim”.

İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, fevralın 15-də, saat 13 radələrində Cabbar ona zəng edərək evə gələcəyini deyib, ondan yemək hazırlamasını xahiş edib: “Həmin gün saat 16 radələrində Cabbar evə gəldi və məndən yeməyin hazır olub-olmamasını soruşdu. Mən də yeməyi isidərək ona verdim. Lakin Cabbar yedikdən sonra anasına zəng etdi. Cabbar anasına ona yemək vermədiyimi dedi. Anası da mənimlə danışaraq Cabbara yemək verməyimi bildirdi. Sonra oğlu ilə birlikdə məni təhqir etdilər. Mən isə məhləyə çıxdıqda Cabbar əsəbiləşərək mübahisə etdi, əlləri ilə sifət və başımın müxtəlif nahiyələrinə zərbələr vurdu”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cababrın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2024, 22:18
11 sentyabr 2024, 21:07
Top