Qeysəriyyə əməliyyatları dəb olduğu üçün sayı artıb — Ginekoloqdan ÇAĞIRIŞ

GÜNDƏM 30 iyul 2024, 19:42
Bəzi müşahidələr və statistik nəticələr bunu deməyə əsas verir ki, son dövrlər Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artıb. Artıq qadınlar təbii doğuş etməkdənsə, qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməyə daha çox önəm verirlər. Bəs buna səbəb nədir? Qadınlar niyə qeysəriyyə əməliyyatını daha uyğun bilirlər? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən həkim mama-ginekoloq Təranə Həsənova qeyd edib ki, tək Azərbaycanda yox, bütün dünyada normal doğuşun qeysəriyyə əməliyyatına rəqabətdə uduzduğu müşahidə olunur:



“Normal doğuşların sayı azalıb, qeysəriyyə əməliyyatlarının isə sayı artıb. Bu birmənalıdır.  Bunun əsas səbəblərindən biri hamilələr və onların ailəsi tərəfdən olan istəklə bağlıdır. Mən deməzdim ki, burada ağrı, qorxu faktoru yüksək rol oynayır. Bu qətiyyən belə deyil. 

Hətta deyərdim, əsas rol oynayan səbəblərdən biri qeysəriyyə əməliyyatlarının dəb xarakter daşımasıdır. Çünki hamilələr və hamilə olmağa hazırlaşan qadınlar arasında bunu müşahidə  edirəm. 
Yəni qonşudan geri qalma prinsipi. Filankəs bunu elədi, mən qaldım.

Mən əgər bunu eləməsəm, mən sıradan geri qalmış ola bilərəm. Hətta normal bir doğuşu və yaxud iki doğuşu olmuş qadınlar belə həkimi məcbur eləməyə çalışırlar ki, yox, hökmən mənim ikinci və yaxud üçüncü doğuşu normal yolla baş verməyəcək. Yəni  qeysəriyyə
əməliyyatlarının sayının artmasının ən birinci səbəbi dəb xarakteri daşımasıdır”.

T.Həsənova məsələnin tibbi tərəfinə də aydınlıq gətirib:

“Qeysəriyyə əməliyyatı həkimin öz rahatçılığını istəməsidir. Çünki normal doğuşlar birinci və yaxud ikinci, yəni təkrar doğulmasından asılı olaraq müddəti  12 ,16 ,18 saat  uzana bilir. Yəni bu qədər vaxtı səbirlə gözləyərək xəstəni diqqətlə müşahidə etməlisən. Bu isə həkim üçün vaxt itkisi sayılır.

Bir həkim olaraq isə mən normal doğuşun tərəfdarıyam.  Çünki qeysəriyyə əməliyyatının bir çox fəsadları var. Adından göründüyü kimi, bir şey ki, əməliyyatla olur, təbii ki, onun mənfi tərəfləri çoxdur. Əməliyyat zamanı və yaxud sonra qadında bir sıra baş verəcək fəsadlar ortaya çıxır”.

Ginekoloq hamilə olan və hamilə olmağa hazırlaşan qadınlara çağırış edib:

“Əgər qadın orqanizmi və uşağın sağlamlığı imkan verirsə mütləq şəkildə hamiləlik normal doğuşla başa çatmalıdır. Bir həkim kimi, hamilələrə məsləhətim, qeysəriyyə dəb-dəbəsindən geri qalsalar, normal doğuşa üstünlük versələr daha yaxşı olar. Çünki istisna hallar olmadığı müddətcə bunlar arasında heç bir fərq yoxdur. Əksinə, qeysəriyyə əməliyyatlarının daha mənfi təsirləri var, nəinki, normal doğuşun”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top