"Paşinyan Azərbaycan lideri ilə görüşdən imtina etməklə danışıqları uzadır" — ŞƏRH

GÜNDƏM 18 iyul 2024, 21:58
Hazırda, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir. Londonda jurnalistlərin İlham Əliyevə Ermənistanla sülh danışıqlarının hazırda necə getdiyinə dair sualına dövlət başçısı “Əla” işarəsi göstərərək təbəssümlə reaksiya verib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə jurnalistlərin analoji sualını cavabsız qoyub. Bundan başqa, Paşinyan sülh sazişi ilə bağlı görüşdən də imtina etmişdi. 

Belə ki, iki ölkə liderlərinin verdiyi reaksiya sülh sazişinin imzalanması ilə bağlı hansı fikirlərə səbəb oldu?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşdən imtina etməklə növbəti dəfə danışıqlarda adekvat olmadığını və etibarsız olduğunu sübut etdi. 

Politoloqun sözlərinə görə, beynəlxalq ictimaiyyət Londondakı görüşdən imtinaya adekvat qiymət verməlidir:



“Görüş ilə bağlı əvvəlcə Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan liderləri arasında davam etməsi planlaşdırılırdı. Liderlər arasında görüş paraflanmış variantın yaxın vaxtlarda qəbul edilməsini surətləndirə bilərdi. Lakin Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşdən imtina etməklə danışıqları uzadır. Paşinyanın bu addımı sadəcə sülh müqaviləsinin imzalanmasını gecikdirmək mahiyyəti daşıyır. Onun bu addımı danışıqlar prosesinə zərbədir. İlham Əliyevin isə jurnalistlərə reaksiyası Azərbaycanın sülh danışıqlarında doğru və şəffaf olduğunu sübut edir. Əslində, Paşinyanın görüşdən imtina etməsinin bir neçə səbəbi var. Konstitusiya dəyişikliyi ilə bağlı məsələnin hələ həll olunmaması da burada böyük rol oynayır. Həmçinin, Paşinyan Qərbə tərəf meyillənsə də, son zamanlar Kreml ilə daha ehtiyatlı davranmağa başlayıb”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top