Azyaşlı uşaqlarımız “dinə xidmət” adı ilə belə istismar edilir...

TƏHLİL 12 iyul 2024, 18:44
Məhərrəmlik ayı və bu ayın əsas hadisəsi hesab edilən Aşura mərasimi Azərbaycanda ənənəvi qaydada keçirilir. Təbii ki, heç kim insanların dini ənənəsinə qarşı çıxmır, lakin “zəncirvurma”, “sinəvurma” kimi zorakılıq xarakteri daşıyan əməllər qəbuledilməzdir. 

Son illər bu halların qarşısının alınması, əvəzində qanvermə aksiyalarının keçirilməsi istiqamətində müsbətə doğru xeyli irəliləyiş əldə olunub. Lakin yenə də müəyyən yerlərdə əzadarlığın ifrata çatdırılması halları qalır. 

Ən böyük problem isə azyaşlıların valideynləri tərəfindən bu mərasimlərə aparılması, bütün bu halların onların gözü önündə baş verməsidir. Misal üçün, azyşlı oğlan uşaqlarının “zəncirvurma”, “sinəvurma” kimi hallarda iştirakı müşahidə edilir. Yaxud azyaşlı qız uşaqları qara çarşaba örtülərək, məscidlərə gətirilir. Bütün bunlar qəbuldilməzdir. Çünki hər şeydən öncə bu, azyaşlı uşaqların psixologiyasına mənfi təsir göstərir.

Dini ayinlərdən xəbərsiz olan, baş verənləri qavraya bilməyən azyaşlıların psixologiyasında zorakılıq, özünə zərər vermə kimi halları qalır. Bu, həm də İslam dininin azyaşlılara düzgün təqdim edilməməsi, doğru çatdırılmamasıdır. Çünki azyaşlılar İslam dininin gördüklərindən ibarət olduğunu düşünürlər və bu düşüncə onların gələcəkdə dinə münasibətini də formalaşdırır.

Bu məsələdə əsas məsuliyyəti valideynlər daşıyır. Azyaşlı övladlarını məscidlərə aparan, dini mərasimlərdə iştirakına şərait yaradan valideynlər düşünürlər ki, bununla “dinə xidmət” edirlər. Halbuki, reallıqda onların bu əməli nə dinlə, nə də qanunla qəbul edilmir.

Azərbaycanda “Uşaq hüquqları haqqında” qanun azyaşlıların istismar edilməsi, istəmədikləri əməllərə məcbur edilməsini qadağan edir. Uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalar da bunu qəbul etmir. Bununla yanaşı, İslam dinində övladlarımızın düzgün yetişdirilməsi ilə bağlı çoxsaylı qaydalar mövcuddur. İslam dini azyaşlılara mənfi təsir edəcək əməlləri qəbul etmir. Belə mərasimlərdə iştirakın uşaqların psixologiyasına mənfi təsir etməsi fonunda validenylərin bu addımını həm qanun, həm din qadağan edir.

Valideynlər bu məsələdə diqqətli olmalıdır. Azyaşlıların belə mərasimlərdə iştirakı “dinə xidmət” deyil, əksinə dinin düzgün izah edilməməsi, onların düşüncələrində İslamla bağlı yanlış rəyin formalaşdırılmasına səbəb olur. Dinimiz də, dövlətimiz də azyaşlı uşaqların hüquqlarının qorunmasını tələb edir. İnancından və kimliyindən asılı olmayaraq, hər kəs buna əməl etməlidir, çünki gələcəyimizin qorunması bunu vacib edir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top