TDT-nın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi tarixi hadisədir — ŞƏRH

DAXİLİ SİYASƏT 08 iyl 2024, 09:53
“Bir neçə gün idi dünyanın nəzər-diqqəti yenidən Şuşaya yönəlmişdi. Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nın qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının bariz nümunəsidir. Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandr!” reallığının nümayişi oldu. Bununla yanaşı, bu, həm Azərbaycanın beynəlxalq aləmə, həm də Ermənistanın havadarlarına ciddi bir mesajdır. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.

TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə toplantısından söhbət açan hüquq müdafiəçisi deyib ki, bu, türkdilli dövlətlərin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tanınmış hüquqşünas deyib ki, Şuşada keçirilən tədbirdə diqqət çəkən məqamlardan birinin türkdilli dövlətlərin başçılarının bu şəhərə Füzulu beynəlxalq aeroportu vasitəsilə gəlmələri olub. Qısa müddətdə tikilib istifadəyə verilmiş Füzulu beynəlxalq aeroportu artıq xarici ölkələrin başçılarını qəbul edir. Digər tərəfdən tədbir iştirakçılarının Prezident İlham Əliyevlə birlikdə Şuşaya gəzintiyə çıxan zaman sakinlərlə səmimi görüşləri və söhbətləri də diqqətdən yayınmadı. Şuşa azərbaycanlıların əzəli yurdu kimi növbəti dəfə dünyaya qucaq açıb.

Ç.Qənizadə dövlət başçımızın qeyri-rəsmi Zirvə görüşündəki çıxışından da söhbət açıb. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsdür: “Dövlətimizin başçısı dedi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Tanınmış hüquqşünas Azərbaycan Prezidentinin çıxışına istinadən dedi ki, ötən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Dövlətimizin başçısı bəyan etdi ki, onun sərəncamı ilə 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Ölkə başçısı, həmçinin Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu bildirdi. Dedi ki, Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır.

“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.

Ç.Qənizadə bu ilin sonunda Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyini xatırladaraq deyib ki, Prezident İlham Əliyev TDT başçılarının hər birini COP29-a dəvət etdi. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.

Hüquq müdafiəçisi bildirib ki, TDT üzv ölkələrin liderləri Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, həmçinin bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzalayıblar.

“Bu sənəd Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir”- deyə Ç.Qənizadə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top