“Erməni diplomatiyası yenidən ikili mövqedən çıxış edir” — Politoloq

GÜNDƏM 05 iyl 2024, 20:10
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə olarkən çıxışı zamanı qalmaqallı açıqlamalar verib. O, Bakının sülh sazişinin bağlanmasına süni maneələr yaratdığını bildirib. 
Mirzoyan süni maneə deyərkən, Azərbaycanın Ermənistan konstitutsiyasını dəyişmək ilə bağlı haqlı tələbini nəzərdə tutur?


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, Ermənistan xarici işlər nazirliyinin Azərbaycanın sülh müqaviləsinin bağlanmasında süni müniələr yaratması barədə iddiası əsassızdır və real faktlara söykənmir. 

Politoloq qeyd edib ki,  qalıcı sülh prosesindən danışırıqsa, gələcəkdə buna əngəl olacaq hər hansı hüquqi məhdudiyyətlərin qalmasına yol verə bilmərik: 

“Nəzərə almaq lazımdır ki, indiki sülh gündəliyi məhz Azərbaycanın təkidləri əsasında formalaşıb. 

Azərbaycan 44 günlük Vətən Müharibəsindən və 10 Noyabr bəyanatından 3 ay keçdikdən sonra indiki sülh danışıqlarının əsas çərçivəsini təşkil edən 5 fundamental prinsip irəli sürdü. Bunun ardınca sülh gündəliyinin digər məqamlarını, xüsusən, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi ilə bağlı təkliflərlə çıxış etdi və ikitərəfli birbaşa təmas formulunu irəli sürdü. Bütün bunlar prosesin gedişinə öz müsbət nəticələrini verdi. Prosesdə dinamika var və xeyli yol qət olunub. Lakin qeyd etmək lazımdır ki, dövlətlərarası münasibətləri normallaşdıracaq sülh sazişinin imzalanması üçün Ermənistanda qanunvericilik islahatları həyata keçirilməlidir. Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini mübahisələndirirən müddəalar var. Ermənistan bunları dəyişməlidir. Sülh müqaviləsi qalıcı sülhü təmin edəcək möhkəm bir bünövrə olmalıdır. Bu bünövrəni laxlada biləcək hər hansı bir bəhanənin qalmasına razılıq vermək olmaz. Bu sonradan daha ciddi problemlər yarada bilər. Eyni zamanda, ölkələrarası münasibətləri və sülh sazişinin perspektivi konkret siyasi iddiaların əsirinə çevrilə bilər. Ermənistan bizim təklifimizi süni maneə adlandırırsa, əlbəttə, bu bir daha onu göstərir ki, ermənilər sülh bağlamaq məsələsində semimi deyillər. Çünki onlar doğrudan da qalıcı sülhün tərəfdarıdırlarsa, bunun təminatlarını da hazır etməlidirlər”. 

Zaur İbrahimlinin sözlərinə görə, erməni diplomatiyası yenidən ikili mövqedən çıxış edir: 

“Əslində, Ermənistan baş nazirinin son açıqlamaları müəyyən ümidlər yaratdı. Ermənilər də başa düşür ki, onların konstitusiyası dəyişməlidir. Çünki hələ bu ilin əvvəlində indiki xarici işlər naziri bəyan etmişdi ki, Ermənistan qanunvericiliyində qalıcı sülhə mane olan müddəalar var. Bu baxımda ermənilərin indiki bəyanatı ikili standartın və qərəzli yanaşmanın təzahürüdür. Güman edirəm ki, erməni cəmiyyəti də bu mövqeyi qəbul edəcək. Sadəcə bəzi revanşist qüvvələr bu məsələlərlə bağlı təbliğat aparırlar. Ermənistanda qanunvericiliyin dəyişməsi istiqamətində addımlar atılmağa başlasa sülhyolunda irəliləmək daha asan olacaq. Zaman keçdikcə həm erməni diplomatiyası, həm Ermənistan cəmiyyəti də başa düşürlər ki, sülhün alternativi yoxdu. Sülhün alternativi yenə müharibə, Ermənistanın dalanda qalması, Ermənistanın sosial-iqtisadi inkişafının geri qalmasıdır. Sülh sazişi olmasa da, Azərbaycan öz strateji tapşırıqlarını yerinə yetirə bilir. Lakin Ermənistan haqqında bunu demək mümkün deyil”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top