“Azərbaycanda da “halal hotel”lərə tələbat var” — Halallıq sertifikatı veriləcək

GÜNDƏM 04 iyul 2024, 21:15
Azərbaycanda "halal hotel" sertifikatı veriləcək. Dövlət Turizm Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki,   beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra ölkədəki turizm obyektlərinə "halal hotel" sertifikatı təqdim olunacaq. Qeyd olunub ki, hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcək. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin sözlərinə görə Azərbaycan Standartlaşdırma İnstitutu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır: "Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki otel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaq əsas məqsədlərdən, prioritetlərdən biridir", - deyə o qeyd edib.

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında söyləyib ki, “halal hotel” sertifikatı almaq üçün hotellər bəzi kriteriyalara cavab verməlidir:



“Bildiyiniz kimi, ölkəmizə gələn turistlərin bir hissəsi müsəlman ölkələrindən gələnlərdir. “Halal hotel” sertifikatı ilə hotellər bu kateqoriya turistlərin tələbatını qarşılaya bilər. Hazırda ölkədə az da olsa “halal hotel” konsepsiyasına uyğun çalışan hotellər var. Əlbəttə ki, burada bəzi kriteriyalara əməl olunmalıdır. Bu, turizm məhsullarının çeşidləndirilməsinə xidmət edir. Belə hotellərdə spirtli içkilər verilmir, namaz qılmaq üçün ayrıca yerlər olur, hər bir otaqda canamaz, qibləni göstərən işarələr, müqəddəs kitab qoyulur. Qidalanmada halallığa xüsusi diqqət olunur, ət və digər ərzaqların halal olması vacib şərtdir. Hazırda ölkədə hotellərdə halallıq sertifikatı yoxdur, amma sahibkarın özündən asılı olaraq bu məqamlar diqqətdə saxlanılır. 

Düşünürəm ki, “halal hotel”lərə Azərbaycanda da tələb var, ona görə də bəzi hotellər özünü bu kateqoriyaya aid etməklə və bu prinsplərlə çalışmaqla müştəri məmnuniyyəti qazanır. Dünyada bunun nümunələri çoxdur. Qardaş Türkiyədə, İndoneziyada, Malayziyada halal konseptlə çalışan hotellər var ki, qiymət və keyfiyyətdə heç də digərlərindən geri qalmır. Əksinə, bu cür hotellər daha rahat olur. Qadınlar üçün istirahət guşələri, hovuzlar ayrı olur, hotelin özünün məscidi olur. Bu hotellər təkcə müsəlmanlar üçün nəzərdə tutulmayıb, digər dinlərin nümayəndələri də bu hotelləri seçə bilərlər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top