“Başqa ixtisas sahiblərinin bağçalarda işləməsi düzgün deyil” — Qiymətləndirilmə aparılacaq

GÜNDƏM 02 iyl 2024, 13:21
 İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib ki, burada məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir: "Sertifikasiya imtahanlarından fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər hansı qərarların verilməsinə şərait yaradacaq. Eləcə də hansı tərbiyəçi müəllimlərin təlimə ehtiyac olduğunu başa düşəcəyik, həmçinin onların peşəkar inkişaf proqramlarını hazırlamaq məqsədimiz var".

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, məktəbəqədər təhsil pilləsi dövlət və cəmiyyət üçün önəmli mərhələdir:



“Uşaqların bilik və bacarıqları erkən yaşlardan nə qədər möhkəm təməl üzərində qurularsa, gələcəklə bağlı bir o qədər nikbin düşünmək olar. Bilirsiniz ki, dövlət başçısının müvafiq sərəncamı əsasında bağçalar bir neçə ildir ki, Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu istiqamətdə bir sıra islahatlar həyata keçirilir. Hazırda ölkəmizdə 1800-dən çox dövlət və özəl bağça var. Hər il bağçaya 120-130 mindən çox müraciət qeydə alınır. Bağça uşaqlarının təlim-tərbiyəsi ilə 16-17 min müəllim məşğul olur. Monitorinq aparsaq, baxarıq ki, bağça müəllimlərinin əksəriyyəti qeyri-ixtisas sahibləridir. Qanunvericiliyə əsasən bağçalarda ali və orta ixtisas təhsil müəssisələrinin məktəqədər təhsil ixtisasını bitirmiş şəxslər dərs deməlidirlər. Düşünürəm ki, diaqnostik qiymətləndirmə nəticəsində burada yalnız konkret ixtisas sahibləri işləyə biləcəklər. Bu da bağçalarda təhsil alanların, ümumilikdə cəmiyyətin və dövlətin xeyrinə nəticələnəcək. Başqa ixtisas sahiblərinin bağçalarda işləməsi düzgün deyil. Son illər məktəqədər təhsil ixtisası yalnız ali məktəblərin bakalavr pilləsində tədris olunur, çalışmalıyıq ki, ali təhsillilər bağçalarda işləsinlər. Diaqnostik qiymətləndirmə cəmiyyət tərəfindən müsbət qarşılanmalıdır. Prosesin məqsədi təhsilin ilkin səviyyəsini sağlamlaşdırmaqdır ki, bu da yuxarı təhsil pillələrində öz nəticəsini göstərəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top