YAP seçkilərə neçə namizədlə qatılacaq? — RƏSMİ AÇIQLAMA

DAXİLİ SİYASƏT 04 iyl 2024, 15:02
Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib.

İclasda növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi kimi məsələlər müzakirə olunub.

Lakin cəmiyyət üçün əsas maraq doğuran məsələlərdən biri hakim partiyanın namizədlərinin siyahısıdır. Belə ki, YAP-ın neçə namizədlə parlament seçkilərinə qatılacağı, o cümlədən VI çağırış deputatlardan kimin yenidən namizəd olacağı hələlik açıqlanmayıb.

Bəs VII çağırış Milli Məclisə seçkilərə YAP neçə namizədlə qatılacaq?

Yeni Azərbaycan Partiyasının mətbuat katibi Nurlan Qələndərli mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq bunları deyib:

“YAP İdarə Heyətinin iclasından sonra partiyanın deputatlığa namizədlərinin siyahısı elan olunacaq. İclasın vaxtı ilə bağlı məlumatım yoxdur”.

Xatırladaq ki, VI çağırış Milli Məclisə 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası 125 dairənin hamısından namizəd irəli sürmüşdü. Partiyanın 70 üzvü isə seçicilərin etimadını qazanaraq, Milli Məclisə mandat qazanmışdı. Nəticədə, partiya Ali Qanunverici orqanda 60 faizdən çox yerə sahib olmuşdu.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top