“Yaxşı olar ki, fermerlərə dəymiş ziyanın 100 faizi qarşılansın” — Tədbirlər planı hazırlanır

SOSİAL 01 iyl 2024, 17:05
Ötən ay ölkə ərazisində havalar dəyişkən keçdi. Bəzi bölgələrdə leysan xarakterli yağışlar yağdı, sel, daşqın oldu. Əlverişsiz hava kənd təsərrüfatına da təsirsiz ötüşmədi. Bəzi fermer təsərrüfatlarına xeyli ziyan dəydi, məhsullar xarab oldu, məhsuldarlıq aşağı düşdü. Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün Nazirlər Kabineti tərəfindən xüsusi qərarın verilməsi və bununla bağlı tədbirlər planının hazırlanması təklif olunur. Məsələ ilə bağlı deputat Vahid Əhmədov deyib ki, bu məqsədlə tədbirlər planı hazırlanmalıdır. Millət vəkili qeyd edib ki, dövlət dəstəyi ilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu tərəfindən fermerlərə xeyli güzəştlər tətbiq olunmasına baxmayaraq təsərrüfatlarını sığorta etdirməyən kəndlilər də çoxdur: “Bunun nəticəsində istehsal xərclərini belə qarşılaya bilməyən kəndlilərin bir çoxu təsərrüfatlarını bağlamaq məcburiyyətində qalır və məhsuldarlıq aşağı düşü. Qısamüddətli də olsa kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma yaranır. Bununla yanaşı, təsərrüfatlarını sığortalamayan fermerlərə banklar ehtiyatla yanaşdığından onlar maliyyə əlçatanlığının azalması problemi ilə üzləşirlər. Bu kimi halların aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməlidir”, - deyə Vahid Əhmədov əlavə edib.

Ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, dünya təcrübəsində təbii fəlakətdən ziyan çəkmiş əhaliyə yardımların göstərilməsi, onlara dəymiş ziyanın qarşılanması yolları müxtəlifdir. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, bir çox hallarda bu zərəri dövlət ödəyir, bəzi hallarda isə fermerlərə əmlaklarını sığortalamaları üçün şərait yaradılır və onlar sığorta şirkətlərinin xidmətlərindən istifadə edirlər:



“Bizim ölkədə elə də etibarlı sığorta şirkətlərinin olmaması insanları əmlaklarını, təsərrüfatlarını sığortalamaq fikrindən çəkindirir. İnsanlar yeganə olaraq dövlət yardımlarına ümid edirlər. Vahid Əhmədovun dedikləri təqdirəlayiqdir. Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün tədbirlər planına ehtiyac var. Bizdə bu yardımların dəqiq sərhədləri yoxdur – dövlət hansı hallarda, ziyanın neçə faizini ödəyəcək və s. Yenə də aidiyyəti qurumlar bu məsələdə fəal olmalıdır, vətəndaşlara diqqət və qayğı göstərməlidir. İstərdim ki, insanlara dəymiş ziyanın 100 faizinin qarşılanması tədbirlər planında nəzərdə tutulsun. Amma indiyə qədər belə hal olmayıb, real vəziyyətə uyğun deyil, komissiya üzvlərinin şəxsi yanaşması əsasında kompensasiya dəyəri formalaşdırılıb. Yaxşı olar ki, qanunvericilikdə aydın şəkildə göstərilsin ki, hansı hallarda, dəymiş zərərin neçə faizi dövlət tərəfindən ödənilir. Vətəndaş bilməlidir ki, əmlakına dəymiş zərər hansı şəkildə qiymətləndiriləcək. Belə olarsa, vətəndaş öz ölkəsində özünü daha güvəndə hiss edər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top