“Təqsirsizliyi üzə çıxarsa, onu kim geri qaytaracaq?” — Vəkil ölüm cəzasına qarşı çıxdı

GÜNDƏM 01 iyul 2024, 12:09
Son bir neçə gündə ölkədə baş verən silahlı insidentlərdən sonra ölüm cəzasının yenidən qüvvəyə minməsi müzakirə olunur. Parlamentdə də bu məsələ gündəmdə olub. Millət vəkili Ceyhun Məmmədov deyib ki, bəzi hallarda ölüm cəzası tətbiq oluna bilər. Onun fikrincə bu həm cəmiyyətin, həm də dövlətin təhlükəsizliyi üçün lazımdır. Belə ki, cəzaların yüngül olmasından istifadə edərək bəzi şəxslər təkrar-təkrar cinayət törətməkdən çəkinmirlər. Ölüm hökmü bərpa olunarsa, azadlığa çıxdıqdan sonra yenidən cinayətə əl atmaq istəyən keçmiş məhkum bu dəfə daha dərindən düşünməli olacaq. Deputat cinayət hadisələrin dinamikasının azalması üçün cəzaların sərtləşdirilməli olduğunu da vurğulayıb. 

Vəkil Tural Həsənlinin də məsələyə münasibətini öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, Konstitusiyaya əsasən müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər:



“Ümumən, cinayət qanunu ilə qadağan edilmiş əməli törədən şəxsə münasibətdə istənilən halda, o cümlədən onun təkrar törədilməsini əsas gətirərək ölüm cəzasının tətbiqi barədə bəyanatlar verilməsi qəbuledilməzdir və hüquqi yanaşma deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası demokratik dövlətdir və ölkəmizdə demokratik dəyərlər, insanpərvərlik meyarları rəhbər tutulur. 
       
Cinayət qanunvericiliyindən bəlli olduğu kimi, cəzanın məqsədi sosial ədalətin bərpa edilməsi, məhkumların islah edilməsi, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi cəzanın mahiyyəti cinayət törətmiş şəxsi islah etməkdir”.

Ekspertin fikrincə, bu nöqteyi nəzərdə yanaşsaq, deyə bilərik ki, ölüm cəzasının tətbiqi şəxsin islah olunması anlayışına uyğun gələ bilməz: 

“Cəmiyyət var olduqca cinayət də olacaqdır, tarixən belə olub. Hər hansı region üzrə “cinayət faktı baş verməyib” ifadəsinin belə işlədilməsi real, ağlabatan və əsaslı deyil.  Statistika xatirinə hər hansı bu cür bəyanatın verilməsi belə baş vermiş cinayətin statistikadan gizlədilməsi mənasına uyğun gəlir. Sərt cəzanın labüd olması belə istinad edilən cinayətlərin tam qarşısının alınacağını deməyə əsas verməyəcək.
       
Həmçinin Cinayət Məcəlləsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz”.
        
Ulu öndər Heydər Əliyev ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxışedərək bəyan etmişdi ki, insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir”.  
           
Tural Həsənlinin sözlərinə görə, bir çox cinayətlərin artmasının qarşısını almaqçün ölüm cəzasının tətbiqi həm də ona görə yolverilməzdir ki, qanunsuz cinayət təqibi üzrə icraatın aparılması bəzən şəxsin əsassız məhkum olunmasına gətirib çıxara bilir: 

“Bu nöqteyi-nəzərdən sonradan əldə olunmuş yeni sübutlara əsasən şəxsin təqsirsizliyi müəyyən olunarsa, edam olunmuş şəxsi görəsən kim geri qaytaracaq? Və ya şəxsin təqsirsizliyi müəyyən olunarsa, bunun bir əhəmiyyəti olacaqmı? Bundan başqa, məlum olduğu kimi hər kəsin yaşamaq hüququ kimi təbii hüququ vardır. Cəza isə cinayət törətmiş şəxsə münasibətdə islah etmə xarakteri daşıyır. İslah etmə yaşamaq hüququna müdaxiləyə gətirib çıxarmamalıdır. Ona görə həm qanunun alililiyi, həm də demokratik dəyərlər ölüm cəzasının tətbiqini rədd edir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top