Elektrik qatarları — Atmosferin çirklənməsinə qarşı

GÜNDƏM 27 iyn 2024, 21:26
Qatarlar, qatarlar... Qatarlara nə qədər şeirlər yazılıb, neçə-neçə mahnılar bəstələnib. Qatarları bəhanə edib sevgidən, sevgilidən danışıb şairlər. Ayrılığı, hicranı qatarların boynuna yıxıblar. Bəstəkarlar da eynilə şairlər kimi. Vüsal həsrətini “qatarlar”ın taqqıltısında gizlətməyə çalışıblar, 7 notdan istifadə edib. Qatarlar niyə çox zaman ayrılıq, hicran, qəm-kədərlə assosiasiya olunur ki?!. Qatarlar təkcə ayırmır axı sevgililəri, doğmaları bir-birindən, həm də birləşdirir!.. Üstəlik, bu qatar sürətlidirsə. Kimsə inkar etməz ki, hazırda elektrik qatarları ən rahat nəqliyyat vasitəsidir. Azərbaycan Dəmir Yollarının inkişafı barədə olan bu yazıda məşhur şairlərimizin qatar sevgilərini əks etdirən şeirlərindən misralar da verəcəyik, rəngarənglik üçün...   

Çıxırlar dünyaya qatarlar,
Qatarlar min yerə çatarlar.
Hələ ki dünyada qatar var,
Gələrəm vaqonlar ötəndə... (Vaqif Səmədoğlu)


Ölkəmiz COP29 – qlobal miqyaslı mötəbər tədbir ərəfəsindədir. Bütün ölkədə, paytaxt da daxil, regionlarda bu tədbirə ciddi hazırlıqlar davam edir. Beynəlxalq tədbirin ciddiyyətini, təkcə Azəbaycan üçün deyil, dünya üçün böyük əhəmiyyətini nəzərə alaraq bütün dövlət qurumları cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas tutaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərir. “Azərbaycan Dəmir Yolları” QSC də həmçinin. Son illərdə ADY-nin fəaliyyətində ekoloji təhlükəsizliyi əsas istiqamət seçdiyi bəllidir. ADY-nin inkişaf yolu, dəmir yollarının hazırkı yüksək səviyyəyə çatması haqqında danışmazdan öncə, ulu öndər Heydər Əliyevin Azərbaycanda dəmir yollarının inkişafı üçün misilsiz xidmətlər göstərdiyini mütləq vurğulamalıyıq. Ulu öndər “Dəmir yolunun Azərbaycanda dərin kökləri və böyük ənənələri var”, deyirdi. Bu ənənələrin böyük br qismi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də dövlət müstəqilliyimiz bərpa edildikdən sonrakı dövrə aid illərdə (1993-2003-cü illər) ümummilli lider dəmir yollarının inkişaf strategiyasının müəllifi olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra  isə Azərbaycan dəmir yolu beynəlxalq əhəmiyyətli magistral dəmir yoluna çevrildi. Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab olunur. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına, yəni Gürcüstanın dövlət sərhədlərinə qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçidi kimi xarakterizə edilir. 1998-ci ildən dövlət dəmir yolunda yeni inkişaf erasının təməli qoyuldu. Həmin ilin sentyabrın 7-9-da Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində gerçəkləşdi. Konfransda mühüm sənədlər qəbul edildi, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə imzalandı. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının cənab Prezident, qalib ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqli davam etdirilməsinin nəticəsidir ki, 2024-cü ilin payızında ölkəmiz qlobal miqyaslı COP29 tədbirinə ev sahibliyi edəcək. Mövcud siyasi, iqtisadi, sosial potensialı Azərbaycana COP29-a ev sahibliyi hüququ qazanmaq imkanı verib. Azərbaycan, xüsusən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərində suveren hüququnu bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng quruculuq prosesində ekoloji fəlakətlərin aradan qaldırılmasını prioritet hesab edir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsində “Ağıllı şəhər” və “Ağllı kənd” layihələrinin icrası zamanı “yaşıl enerji”  və bərpa olunan enerjidən istifadə edilir. Azərbaycan hökuməti atmosferə daha az zəhərli qazların buraxılmasını önləmək üçün elektrik avtomobillərindən istifadəni təşviq edir. “Azərbaycan Dəmir Yolları” da elektrik qatarlarının sayını artırmaqla ekologiyaya öz töhfəsini verir. 



Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı... (Ramiz Rövşən)


“Azərbaycan Dəmir Yolları”nın inkişaf trendlərinə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevlə nəzər saldıq: 



“Dəmir yolunun inkişaf trendləri və ekoloji təmiz dəmir yolu dedikdə, burada ekoloji cəhətdən təmiz olan hərəkət tərkibi nəzərə alınır. Bu, yeni Stadler qatarlarıdır, həmçinin də yükdaşımada yeni alınmış AZ-8 A lokomativləridir.  Həm dəyişən cərəyanla işləyir, həm enerjiyə qənaət edilir, həm də 20 faiz ucuz yükdaşımanı təmin edir ekologiyaya  ziyan vurmadan. ADY-nın sonuncu statistikasına görə Abşeron dairəvi yolunda həftənin iş günləri 30 min sərnişin daşınıb. Bu, 6 min avtomobilin atmosferə vuracağı ziyanın qarşısının alınması deməkdir. Nə qədər çox sərnişin daşınarsa, ekologiyamıza bir o qədər çox faydası dəyəcək. Yeni hərəkət tərkibi inkişaf trendinin bir hissəsidir, istər yükdaşımada, istərsə də sərnişin daşımada. Əsas hədəf ekoloji təmiz növlərə, ekologiyaya daha az ziyan vuracaq növlərə üstünlük verməkdir. Xatırladım ki, ADY ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ən müasir sürətli sərnişin qatarları alındı. Bu qatarlar Bakı-Qəbələ, Bakı-Ağstafa-Bakı marşrutu üzrə xəttə buraxıldı. Bunlar “KİSS” markalı ikimərtəbəli sürət qatarlarıdır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov özü müsahibəsində bildirib ki, sərnişin daşınmasında ən öndə gələn faktorlardan biri səyahətin rahatlığının təmin edilməsidir. Bu məqsədlə də dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edilir. Bu ilin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyona yaxın sərnişin rahat və təhlükəsiz mənzil başına çatdırılıb. Ötən il dəmir yolu ilə 7 milyon sərnişin daşınıb. Doluluq səviyyələrinə gəldikdə isə hazırda Bakı–Ağstafa–Bakı marşrutu üzrə orta hesabla doluluq 91 faiz, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 58 faizdir. Hətta ölkəmizə gələn turistlər də elektrik qatarları ilə səyahətə üstünlük verirlər. Bu, ADY-nın son illərdə əldə etdiyi ən böyük nailiyətlərdir”.  



Yəni, qatarların ardında tüstü qalmır daha. 

P.S. 

Bakı-Ağstafa-Bakı elektrik qatarıyla səfər edərkən monitorda həm ulu öndər Heydər Əliyevin “Azərbaycan Dəmir Yolları”nın inkişafı naminə gördüyü işlərin xronikasını izləyirdik, həm də prodüsser və sevilən aktyor Azər Aydəmirin Bakı-Qəbələ-Bakı qatarıyla səyahətini əks etdirən reklam çarxını. Məncə, uğurlu tapıntıdır. Azər bəy nə düşünür bu barədə, razı qalıbmı dəmir yollarından? 



“Bəli, çəkilmişəm reklama. Bakıdan Qəbələyə getmişəm. Mən hər reklama çəkilmirəm. Amma bu dəfə bildim ki, Əlixan Rəcəbov çəkəcək. Əlixan istedadlı, tanınmış rejissordu. Dərhal razılaşdım, qonararı heç müzakirə də etmədim. Çəkildim və çox böyük zövq aldım. İndiyə kimi də o reklam nümayiş olunur qatarlarda. Nə xoş bizə!.. Hara getsəm, (ölkə daxili ) ancaq elektrik qatarı ilə gedirəm. Ekologiyamıza faydamız olsun istəyiriksə, qatarla səyahətə üstünlük verməliyik”. 

Məqaləni sevimli şairimiz Baba Vəziroğlunun şeirindən 2 misra ilə tamamlayırıq: 

“Hələ çox göynəyəcək sənsiz həsrətin yeri,
Bir gün gedən qatarlar bir gün dönərmi geri?”


Əlbəttə, dönər geri. Qatarlar  “vəfalıdır”, getdiyi yerlərdən mütləq geri – öz platformalarına dönür. 

Törə Zeynallı 
Demokrat.az 


Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurası ilə birgə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top