Kəndindən çıxanlar “kəndinə gələ bilmir”...

GÜNDƏM 27 iyn 2024, 20:28
Dünən Bakının Nəriman Nərimanov rayonunda 24 yaşlı gənci qanına boyayan da, qanı tökülən də, üstündə “qırğın düşən” qız da bizim doğma kəndimizdəndir- Qazaxın Daş Salahlısından. Enli küçələrini, geniş yollarını qarış-qarış gəzdiyim, daşsevər mənzərəsi ilə beynimdə kənd yox, əzəmətli rayon mərkəzi kimi canlanan, tarixin əzəmətindən süzülüb damcılayan “Damcılı” bulağı, Avey dağı və daha neçə-neçə əzəmətli adla, dəyərlə könlümə məskən salan Daş Salahlı zehni inkişaf baxımından dərin durğunluq yaşayır, elə bil. 

Kifayət qədər ziyalısı, ağıllısı, namuslu-qeyrətli, bir kəndə ağıl verəcək qədər ağsaqqalı, Vətən müharibəsində sinəsini sipər edən 13 şəhidi, alimi, hüquqşünası, mühəndisi, iqtisadçısı, jurnalisti, müəllim, həkim və digər peşə, sənət adamları yetişdirmiş bu kəndin qatil, cinayətkar, çarpazlaşmış sevgi qurbanı, “məhəbbət üçbucağı”na dolaşıb eşqi qana boyanan gənclərini görmək, düzü, məyus etdi məni. Özü də çox! 
Axı o kənddə məhəbbətlə "xoşvaxt" olan, eşqindən şair olan, şeir qoşanları görməyə alışmışıq. 

Elə bil hansısa güvəndiyim, etibar etdiyim adamım məni başıaşağı edib. 

Yox, Aveyin havasından uzaq düşəndə özünü yaxşı hiss eləmir Daş Salahlı camaatı. 

Həqiqətən də, o kənddə el-obadan uzaq düşənə, kəndən qırağa köçənə yaxşı baxmırlar. Elə hər mənada yaxşı baxmırlar- çəpəki baxırlar. Ya da ki, yaxşı baxmadıqlarını el-obadan "burunlayırlar". Mənim babam kimi məcbur qalıb başqa şəhərə köçənlərə isə öləndən sonra da “qərib” deyirlər, “yurduna doymadan ölüb gedən” deyərək, təəssübkeşlik çəkirlər.  

Yəni, dediyim odur ki, o kəndin heç bir sakinini pulsuzluq, kasıblıq kənddən qaçaq düşməyə vadar edə bilməz. Özləri demiş “eli el dolandırar”. Əksəriyyəti daşdan çıxarar pulunu- ev tikər, yol çəkər, zəhmət qoxan əlləri ilə də başıdik, alnıaçıq yaşayar. "Daş qaldığı yerdə bərkiyər" deyib, köçəriliyə qəti meyil etməzlər. 

Kənddən qaçan, damağı Damcılı bulağının dadını yadırğayan, Aveyin havasından uzaq düşən Bakı küləyini Göyəzən mehi zənn edir, özünü kəndində hiss edir, əl-qol açır, sakitləşmir, hələ bir əl-qol atır, hələ üstəlik, silah filan da çıxarır “söhbətin üstünə”- "kəndinə gələ bilmir”. Yadından çıxarır ki, bura Göyəzənin ətəyi deyil, dalaşdığı da qonşusu “Söyünün oğlu”. Söyün də, oğlu da, sonu böyüklərin “Həzrət Abbas qapazı ilə yekunlaşan” bozalaşmaq da qaldı Aveyin ətəyində. 

Anlamır ki, o burda kəndindəki böyüklükdə deyil. Burda böyük olan Bakıdır. "Moşunun xoşvaxtlıq düsturu" burda həllini tapmır. 

Sənə elmdən danışmaq, şeir söyləmək, oxuduqlarından, bildiklərindən söhbət etmək, gizli, toxunulmaz, iradəli, mərhəmətli sevmək yaraşırdı, ay Qazaxlı növcavan!
Mən görəndə elə idi.

Napoleonun Elba adasında neçə gün sürgündə qaldığını mərcləşmişdik axrıncı görüşümüzdə. Səməd Vurğunun vəsf etdiyi "Göyəzən dağı"ndan danışmışdıq. 
Amma biz böyüdükcə Daş Salahlı kiçildi. 

Rəqəmlər XXI əsrə gəlib çıxıb, amma Daş Salahlı ceyilləri dünən əcdadlarına geri dönüblər: Özlərini lap VII əsrdə Aveydağın zirvəsindəki Alban məbədində, Damcılı mağarasında yaşamış qədim insanlar kimi aparıblar: "Ya sən öləcəksən, ya mən..."

Kəndində gözəldir hər kəs.
Kəndindən çıxan "kəndinə gələ bilmir"...


Maya İmran (AYB-nin üzvü)
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top