Kaş, özün də kənardan baxıb görə biləydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır…

GÜNDƏM 26 iyun 2024, 17:07

Natiq Qasımovun ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edilməsi barədə məlumatı mənə dostum verdi. “WhatsApp” üzərindən. Taksidə idim. Evə gedirdim. Bir anlıq stupora düşdüm. Qəribə duyğusallaşdım.

Əlbət, bu müjdəni çox gözləmişdik deyə onu qeyri-adi sevinclə qarşılamağımız də tam məntiqli idi. Amma, inanın, tam səmimi deyirəm: həmin dəqiqəyə qədər özüm belə anlamamışdım ki, Natiqlə bağlı məlum xəbəri bu qədər intizarla gözləyərmişəm.

***  

Təsəvvür edin, adam ətrafındakı insanların həyatını xilas etmək üçün açığa çıxır, özünü fəda edir, əlindəki üçrəngli bayraqla düşmənə meydan oxuyur. Üstəlik, bilə-bilə ki, qarşıda onu hansı məşəqqətlər gözləyir.

Təsəvvür edin, bəzən normalda hər birimiz adi bir diş həkiminə gedərkən ən kiçik ağrıdan, diskomfortdan sığortalanmaq üçün keyidici iynənin vurulmasını xahiş etdiyimiz halda Natiq həmin dişlərin diri-diri çıxarılmasını, hər iki bəbəyinin oyulmasını, təpədən dırnağa qədər yandırılmasını gözə alaraq yenə də VƏTƏN deyir.   

Təsəvvür edin, əsirlikdə, düşmən əhatəsində, masa arxasında gözündən qorxu və təlaş yağan Natiq deyil, şərəfsiz və cəllad Balasanyandır! Kənardan baxan da əsla və əsla anlamaz ki, kim-kimi sorğu-sual edir.

Necə bacarıb bunu, Natiq?  Həqiqətən möcüzədir...

Təsəvvür edin, Natiqin xəbəri belə yoxdur ki, xarici jurnalist kənardan çəkiliş aparır. Natiqin həmin an ağlına da gəlməz ki, bu kadrlar on illər sonra yayılacaq və o, əfsanəyə çevriləcək. Natiqin umurunda belə deyil ki, ona hansı işgəncələr veriləcək, necə cəzalanacaq, necə öldürüləcək...

Və nəhayət...

Təsəvvür edin, kamera sönəndən sonra nələr baş verib.

Təsəvvür edin, erməni vandallar öz hirsini, acığını bu qəhrəmandan hansı formada çıxıb...

Təsəvvür edin, Natiq hələ bizim bilmədiyimiz nə miqyasda zülmlərin qarşısında duruş gətirib...

Təsəvvür edə bildinizmi? Şəxsən mən edə bilmədim. Etdimsə də qismən. Bir yerə qədər. Çünki o hissləri yaşamadan təsəvvür etmək, Natiqin yerində olmadan onun nə çəkdiyini tamı-tamına anlamaq əsla və əsla mümkün deyil. Hətta təxminləmək belə imkansızdır...

***

Yerin behişt olsun, əziz qardaş!

Tanrı dövlətimizi, sənin kimi qeyrətli oğulların dəyərini verən Prezidentimizi və cəmi xalqımızı qorusun.

Kaş, ruhlar gerçəkdən var olaydı, hər yerdə dolaşaydı və...özün də kənardan baxıb görəydin ki, Milli Qəhrəman adı sənə necə yaraşır...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top