“Savadsız jurnalistlər reytinq xatirinə başdansovdu şoular təqdim edir” — AÇIQLAMA

GÜNDƏM 26 iyn 2024, 13:16
Artıq uzun müddətdir ölkə telekanallarında maarifləndirici, təhsil və elmi proqramların sayı azlıq təşkil edir. Daha çox bayağı və şou verilişlərinə üstünlük verilir. Ötən il Analitik Kollektiv Audiovizual Şuranın 2023-cü ilin noyabr ayı ərzində ölkə televiziya yayımçılarının proqramlarının məzmunu ilə bağlı açıqladığı göstəricilərə əsasən televiziyalarımızda mədəni-maarif verilişləri yüzdə 9,7 faiz olub.

Təhlildən göründüyü kimi, televiziyalarımızda elmi-mədəni, maarifləndirici, təhsil proqramlarının sayı xeyli azdır.

Bəs, bunun səbəbi nədir? 

Telekanallar izləyicilərin tələbinə uyğun olaraq maarifləndirici verilişlərə üstünlük vermir yoxsa necə?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, telekanallarımız təyinatlarına uyğun fəaliyyət göstərmir və savadsız jurnalistlərimiz reytinq xatirinə məzmunlu verilişlər əvəzinə başdansovdu şoular hazırlayaraq cəmiyyətə təqdim edir. 

Əhməd Qəşəmoğlunun sözlərinə görə, o cür verilişlərə çox adamın baxdığını görəndə sosioloji nöqteyi nəzərdən dərhal aydın olur ki, cəmiyyətin mədəniyyət və mənəviyyat məsələləri ilə bağlı ciddi problemləri var: 

“Bu gün Yapon, Çin və Koreya iqtisadiyyatının möcüzəsi yoxdur. Həmin mədəniyyətin möcüzəsi var. Onların iqtisadi inkişafının kökündə mədəniyyət dayanır. Telekanallarımızda maarifləndirici, təhsil və elmi proqramların sayı azalıb. Bu təkcə telekanalara aid deyil, kütləvi informasiya vasitələrinin əsas təyinatı, qəzetdən, radiodan tutmuş, sosial şəbəkələrə qədər hər biri həmişə çalışmalıdır ki, əhalinin mədəni səviyyəsini yüksəltsin, mənəviyyatla bağlı problemlərinin həllinə kömək etsin, onları ön plana çəksin. Amma təəssüf ki, bizim kanallar indi bununla bağlı öz təyinatlarına uyğun olaraq fəaliyyət göstərmirlər. Burda rol oynayan bir neçə səbəb var. Səbəbin biri odur ki, bizim televiziya kanallarında işləyən jurnalistlərimiz arzuolunan səviyyədə fəaliyyət göstərə bilmirlər. Onlar bəzən reklam ardınca qaçaraq elə verilişlər hazırlamağa çalışırlar ki, çox adam baxsın. Əslinə qalsa savadlı, səviyyəli jurnalist hər bir mövzuda elə veriliş hazırlaya bilər ki, ona onsuzda çox adam baxacaq. Amma zəif jurnalist məzmunlu verilişlər hazılaya bilmir. Ona görə də başdansovdu verilişlər hazırlayaraq cəmiyyətə təqdim edirlər. Bu televiziya kanallarının, kütləvi informasiya vasitələrinin təyinatına zidd bir hərəkətdir. Əlbəttə, bu verilişlərə çox adamın baxdığını nəzərə alsaq sosioloji nöqteyi nəzərdən əhalinin mədəniyyət, mənəviyyat məsələlərində ciddi problemlərin olduğunu görürük. Ən doğru yol o problemlərin aradan qaldırılmasına çalışmaqdır. Ona görə də yüksək səviyyədə həm jurnalistlər lazımdır, həm də telekanalların imkanları olmalıdır. Digər tərəfdən ən mühüm məsələlərdən biri bununla bağlı ölkədə ciddi bir platforma olmalıdır. Mən mədəniyyət şurasının keçən il yenilənən heyətinə bu sahədə platforma yaratmağın vacib olduğunu bildirdim və təkliflərimi verdim. Amma görünür onlar da axıra kimi mənim səsimi duya bilmədilər. Bu yaxınlarda mədəniyyət nazirinə də yazdım ki, mədəniyyətmiz ilə bağlı konkret platformanın olması lazımdır. O da sağolsun bununla bağlı bir müzakirə təşkil etdi. Amma sonra məlum oldu ki, bu sadəcə bir formallıq idi. Ortaya qoyulan məsələlərlə bağlı mühüm addımların atıldığını görmədim”. 


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top