“Ayağımızı yerdən götürən” maşınların həyatımıza və cibimizə vurduğu ZƏRƏRLƏR…

TƏHLİL 13 iyun 2024, 20:17
Bakı qlobal iqlim hadisəsi olan COP29-a hazırlaşarkən, bir məsələ yenidən aktuallaşır. Azərbaycanda istismar müddəti bitmiş, eləcə də dizel mühərriki olan avtomobillərin dövriyyədən çıxmaması. Bu məsələ iki kontekstdə xüsusilə əhəmiyyətlidir.

Birinci amil ekologiyaya vurulan zərərdir. Bununla bağlı konkret faktlar var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 880 min ton, 2022-ci ildə 930,6 min ton təşkil edib. 2023-cü ildə isə bu “gəstərici” bir milyon tonu keçib. Bu zərərli maddələrin 80 faizdən çoxu avtomobillərdən atılan tullantılardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, gün ərzində keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1,5, dəm qazı 1,3, azot-4 oksid 1,1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1,3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1,5-1,7 dəfə normadan yüksəkdir.

Ekologiyanın məhv olması xəstəliklərin artması deməkdir, xüsusilə xərçəng xəstliyinin əsas mənbəyi kimi ekoloji problemlər göstəririlir. 

Azərbaycanda xərçəng xəstələrinin sayının sürətli artması da bu kontekstdə SOS siqnalı çalır. Məsələ ondadır ki, istismar müddəti bitmiş, o cümlədən, dizel mühərrikli avtomobillərin istifadəsi nə qədər “ucuz” görünsə də, onun gündəlik həyatımıza vurduğu zərəri hesabladıqda əslində “çox bahalı” olduğu ortaya çıxır. 

Araşdırmalara görə, Bakıda istifadə olunan avtomobillərin 80 faizindən çoxu istismar müddətini başa vurmuş avtomobillərdir. O cümlədən, dizel mühərrikli avtomobillərin idxalı durmadan artır. 

Rəsmi statistikaya görə, 2021-ci ildə ölkəyə 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Halbuki, dünya ölkələri, xüsusilə ekoloji təmizliyə diqqət yetirənlər nəinki dizel mühərrikli avtomobillərdən, ümumiyyətlə dizel yanacağından imtina edirlər.

İkinci amil dizel mühərrikli avtomobillərin “ucuz” olması haqda reallığa uyğun gəlməyən streotiplərdir.

Dizel mühərrikli avtomobillərdən ona görə istifadəyə maraq çoxdur ki, onların yanacaq sərfiyyatının daha ucuz olduğu düşünülür. Misal üçün, benzinlə müqayisədə dizel yanacağı 20 faiz ucuzdur. Belə düşüncə istismar müddəti bitmiş, hətta 40 ilin avtomobillərinə də şamil edilir. “Əsas odur ayağımı yerdən götürür” düşüncəsi çox yayılıb. Lakin adi hesablama belə avtomobillərin istifadəsinin əslində cibimizə ziyan vurduğunu ortaya çıxarır. 

Sirr deyil ki, dizel yanacağı benzinlə müqayisədə ucuz olsa da, dizel mühərrikli avtomobillər daha çox xərc tələb edir. Yəni məsələ təkcə çoxlarının düşünmədiyi ekoloji zərərlə bitmir, həm də ekoloji zərəri düşünmədən cibini düşünürək, dizel yanacağı ilə istifadə olunan avtomobil alan şəxsin özü ziyana düşür. Sadəcə olaraq, bu xərc hissə-hissə çıxdığı üçün o qədər də “hiss olunmur”. Halbuki, benzinlə işləyən avtomobili 5 il müddətində heç bir xərc qoymadan sürmək mümkündürsə, dizellə işləyən avtomobildə bu bəzən heç iki il də çəkmir.

“Ayağımızı yerdən götürən” istismar müddəti bitmiş avtomobillərdə də vəziyyət acınacaqlıdır. Bunu rəsmi statistika da təsdiqləyir. 

Statistikaya görə, nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət üçün xərclənən məbləğ 2022-ci ildə 448 milyon, 2023-cü ildə isə 559 milyon manata olub. Cari ildə insanlar artıq 111 milyon manat xərcləyib, nəzərə alsaq ki, qarşıdan qış mövsümü gəlir, bu xərclərin ötən illə müqayisədə daha çox olacağı bəllidir. 

2020-ci il (350 milyon manat) və 2021-ci ilin (378 milyon manat) göstəricilərinə də diqqət edəndə, hər il bu rəqəmin artdığı reallığı ortaya çıxır. Bu, 1,5 milyard manatdan çox vəsait deməkdir və aydın görünür ki, bu pulu istismar müddəti bitmiş avtomobillərə xərcləməkdənsə, yenisini almaq daha sərfəlidir. Həm komfort, həm ekoloji təmizlik, həm də təhlükəsizlik baxımından. 

Avtomobil sektorunda ən böyük problemlərdən biri də benzin növləri ilə bağlıdır. Ölkədə ən çox Aİ-92 markalı benzindən istifadə olunur, hətta Aİ-95 benzin növü ilə işləyən avtomobillər belə bir çox hallarda daha “ucuzdur” deyib Aİ-92 benzinindən istifadə edir və bununla mühərriri məhv edirlər. Dünyada artıq Aİ-92 və Aİ-95 markalı benzindən belə imtina edildiyini nəzərə alanda, çox geridə qaldığımız faktı ortaya çıxır.

Bütün bunlar ekologiyamızı məhv edir. Ekologiyanın məhv olması həyatımızın və gələcəyimizin məhv olması deməkdir. Gələcəyimizə - övladlarımıza daha təmiz dünyanı miras qoymaq üçün gec olmadan bu gün düşünməyə başlamalıyıq.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top