İranın Zəngəzur dəhlizi üzərindən Rusiyaya qarşı qurduğu oyun…

TƏHLİL 09 sentyabr 2024, 17:14
Zəngəzur dəhlizi ilə bağlı məsələ İran və Rusiya arasında yeni gərginlik mövzusuna çevrilib. Daha doğrusu, İran tərəfi əsassız şəkildə dediyini təkrarlayır, məntiqsiz iddialar irəli sürür.

İddialardan biri belədir ki, guya Zəngəzur dəhlizi açılarsa, İrana məhdudiyyətlər yaranacaq. Bu iddianın heç bir əsası yoxdur, əksinə Zəngəzur dəhlizinin, ümumiyyətlə kommunikasiyanın açılmasından İranın özü də divident əldə edəcək. Görünür, Tehranda bunu başa düşmürlər, yaxud düşmək istəmirlər. İrandan verilən açıqlamalar eyni sözlərin mənasız formada təkrarlanmasından başqa bir şey deyil.

İran anlamalıdır ki, ortada razılaşma var. Üçtərəfli razılaşmanın 9-cu bəndinə əsasən Azərbaycanın qərb  regionları ilə Naxçıvanın birləşdirilməsi baş tutmalıdır. Ermənistan bununla bağlı üzərinə öhdəlik götürüb. Razılaşmada açıq şəkildə qeyd olunur ki, yaradılacaq  nəqliyyat dəhlizinin təhlükəsizliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən təmin olunmalıdır. Burada söhbət dəhlizin açılmasından gedir və bunun nə Ermənistanın suverenliyinə təhlükəsi var, nə də İranın bölgədəki maraqlarına. Tehranın bununla bağlı mövqeyi həqiqətən də məntiqsizdir. Və belə görünür ki, İran tərəfi məntiqsiz mövqeyini gücləndirmək üçün NATO dəhlizindən bəhs etməklə diqqəti fərqli istiqamətlərə  manipulyasiya etməyə çalışır. Rusiyanın iştirak edəcəyi dəhlizin NATO dəhlizi adlandırılması absurddur. Əslində NATO bu gün Zəngəzur dəhlizində yox, Ermənistanda möhkəmlənir. Avropa İttifaqının hərbiləşdirilmiş missiyası Ermənistanda fəaliyyət göstərir, o cümlədən, ABŞ və Fransa bu ölkəni silahlandırır. İran həqiqətən NATO-nun bölgədəki mövqelərindən narahatdırsa, o zaman, Zəngəzur dəhlizinə yox, Ermənistana etiraz etməlidir. Ermənistana yox, Rusiyaya etiraz etməsi əslində Qərbin bölgədəki maraqlarına xidmət etmək deməkdir.

Görünür, İran ya Qərblə Rusiya arasında oyun oynamaq istəyir, ya da Qərbə yaxınlaşmaq xətti götürür. Burada sual olunur: bu, İranın yeni prezidentinin, yoxsa İranın dini rəhbərliyinin xəttidir? Bunu anlamaq çətindir. Hər iki halda aydın görünür ki, İran Rusiyadan uzaqlaşmaq xəttini götürmək istəyir. Çünki Ukrayna müharibəsində İranın birbaşa rolu və iştirakı faktı var idi. İndi İran Qərbin təzyiqi ilə və Qərbə yaxınlaşaraq bu xəttdən uzaqlaşmağa çalışır.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top