Sərhədin bağlı olması niyə vacibdir?

TƏHLİL 02 oktyabr 2024, 17:10
İrandan Azərbaycana narkotik daşınmasının qarşısını alınsa da, narkotacirlər müasir texnologiyalardan istifadə etməklə yeni yollara əl atır. Sentyabrın 29-da Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə əməliyyatı zamanı bu fakt aşkarlanıb.

Rəsmi məlumata görə, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib. Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.

Bu əməliyyat Azərbayca sərhədlərinin təhlükəsizliyinin yüksək səviyyədə qorunduğunu növbəti dəfə ispat edir. Lakin həm də sərhədlərin bağlı olmasının ölkənin təhlükəsizliyi baxımından nə qədər əhəmiyyətli olduğunu da ortaya çıxarır.

İrandan Azərbaycana narkotik daşımaların olduğu sirr deyil. Daşınan narkotik həm Azərbaycanda satılır, həm də Avropaya daşınır. Azərbaycandan narkotranzit olaraq istifadə edilir. İndiyə qədər bu qanunsuzluğun qarşısını alınması ilə bağlı ciddi tədbirlər görülüb, lakin sərhədlər açıq olduğu dövrdə qaçaqmalçılıq cəhdləri mütəmadi olaraq edilib. Hətta, narkotacirlər Azərbaycan sərhədçilərinə odlu silahdan atəş açması, səhədçilərimizin yaralanması kimi hallar da baş verib. 

Sərhədlərin bağlı olmasından sonra bu cəhdlərin qarşısı alındı. İndi narkotikin daşınması üçün yeni üsullara əl atıldığı görünür. Dron vasitəsilə sərhədi keçmək cəhdi bu üsullardan biridir. Sərhədin bağlanması ilə təhlükəsizliyin tam təmin edilməsi narkotacirləri yeni üsullara əl atmağa məcbur edib. Lakin sərhədçilərimizin ayıq-sayıqlığı bu üsulların da qarşısını alır.

Baş verənlər bir daha sərhədlərin bağlı olmasının əhəmiyyətini ispat edir. Sərhədin bağlı olması həm narkotik daşınmasının qarşısını alır, həm də qanunsuz miqrasiyanın baş verməsinə imkan vermir. Bu, Azərbaycanın daxili təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. 

Eyni zamanda, Avropaya narkotik daşınması və qanunsuz miqrantların getməsi üçün Azərbaycandan tranzit kimi istifadə edilməsi hallarına imkan vermir.


Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top