Atası həbsdə olan gənc oğlan qonşusunu bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 11 iyn 2024, 22:59
Bakının Xəzər rayonunda 2003-cü təvəllüdlü Xəyal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Akifə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 5-də Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində baş verib. 

Xəyal şəxsi münasibətlər zəminində əvvəllər tanıdığı Akif tərəfindən qardaşı Sadiqi hansı səbəbdən döyməsini araşdırmaq məqsədilə Hacı Mövlan bağlar massivində dəmir yolu xətti kimi tanınan ərazidə gecə saat 2 radələrində onunla yaranmış mübahisə zamanı evdən götürdüyü bıçaqla bir dəfə bədəninin sağ hissəsindən vurub. 

Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2-ci Qarabağ müharibəsində Laçın uğrunda döyüşlərdə və 2023-cü ildə aprel döyüşlərində iştirak edib, fəxri fərman alıb: “Subayam. Zərərçəkmiş Akifi tanıyıram. Noyabrın 5-də işdən gəlib evdə yatdım. Evdə olan zaman qardaşım Sadiq ağlaya-ağlaya evə gəldi və məhəllədə yaşayan Akiflə kafedə yeyib-içərkən aralarında mübahisə yarandığını, sonra Akifin onu vurduğunu, söyüş söydüyünü dedi. Sadiqin üzü qan içində idi. Sadiqə dedim ki, Akifə zəng edib harda olduğunu soruşsun. Biz Akifə zəng etdikdə, Akif telefonda da söyüş söydü. Mən əsəbləşib özümü müdafiə üçün evdən bıçaq götürərək kafedən 100 metr kənarda Akifin yanına getdim. Akifin yanına gedərkən onu vurmaq fikrim yox idi. Mən özümü müdafiə etmək üçün bıçaq götürərək onu vurdum. Mənim Akiflə əvvəllər münasibətim yaxşı olub. Lakin Akifi vurma səbəbim onun qardaşımı döyməsi, söyüş söyməsi və həmin ərəfələrdə döyüşlərdən yenicə gəldiyim üçün döyüş abu-havasında olmağım olub”. 

Təqsirləndirilən şəxs məhkəmədən barəsində irəli sürülən ittihamın Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini xahiş edib. O bildirib ki, müharibədə iştirak etdiyinə görə medal alacağı deyilsə də, hələ medal almayıb. Təqsirli bilinən şəxs əməlindən peşman olduğunu söyləyib. 

İş üzrə zərərçəkmiş Akifin sözlərinə görə, noyabrın 4-də, axşam saatlarında Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağları massivində dəmiryolunun kənarında fəaliyyət göstərən kafedə oturarkən Xəyalın qardaşı Sadiq ilə aralarında mübahisə yaranıb və onlar dalaşıblar: “Sonra isə Sadiqlə ayrıldım və evimə getdim. Lakin yarım saat sonra təkrarən Sadiqdən zəng gəldi və razılaşaraq söhbəti aydınlaşdırmaq üçün görüşdük. Təxminən noyabrın 5-də, gecə saat 2 radələrində həmin kafedən təxminən 150 metr aralıda dəmiryolunun kənarında Xəyal və qardaşı Sadiq ilə görüşdük. Sadiq və Xəyala yaxınlaşan kimi Sadiq məni vurdu. Bu zaman Xəyyalla mübahisə etdim. Xəyalın məni bıçaqla vurduğunu görməmişəm. Mübahisə bitdikdən sonra evə qayıdarkən yolda qonşum Nicat ilə qarşılaşdım. Nicat nə baş verdiyini soruşanda mübahisə olduğunu və yaralandığımı dedim. Nicat məni taksi ilə xəstəxanaya çatdırdı. Müalicəm üçün 3500-3700 manat xərc çəkmişəm. Müalicə xərclərim təqsirləndirilən şəxsin ailəsi tərəfindən qarşılanmayıb. Təqsirləndirilən şəxs ilə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Şahid qismində ifadə verən Sadiqin sözlərinə görə, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olsa da, təxminən 8 ildir anası, qardaşı ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlarında yerləşən fərdi yaşayış evində kirayədə yaşayır: “Atam isə hazırda məhkumluq həyatı yaşayır. Özüm əsəblə bağlı Maştağa qəsəbəsində yerləşən psixatiriya xəstəxanasında qeydiyyatdayam. Noyabrın 4-də, saat təxminən 23 radələrində yaşadığım məhəllədə fəaliyyət göstərən balaca adsız kafeyə getdim. Özüm üçün spirtli içki içmək qərarına gəldim və kafeyə girib əyləşdim. Pivə sifariş verib içməyə başladım. Bu zaman mənimlə eyni məhlədə yaşayan əvvəllər münasibətim yaxşı olmuş Akif məni tək oturduğu masaya çağırdı və bir yerdə içməyi təklif etdi. Mən dsə Akiflə razılaşıb bir masaya əyləşdik”. 

Sadiq qeyd edib ki, bundan sonra içkili olduğu üçün nə üstündə aralarında mübahisə yarandığını xatırlamayıb: “Lakin yadımda qaldı ki, Akif kafedən çöldə çənəmdən əli ilə sıxıb boğaraq, var-yox söyüşü söydü. Mən də Akifin bu söyüşündən əsəbləşərək onu vurdum. Biz əlbəyaxa olduq. Mənim Akifi vurmağa gücüm çatmadı. Orada olan xatırlamadığım şəxslər bizi ayırdı. Eyni zamanda Akifin mənə var-yox söyüşü söydüyü üçün vurmağa gücüm çatmadığından dərhal evə gəldim və bu barədə qardaşım Xəyala bildirdim. Qardaşımla birlikdə evdən çıxdım. Xəyal evdən çörək bıçağını götürüb belinə qoydu. Mən zəng vuraraq Akifi çağırdım. Akif yenidən söyüş söyərək görüşə gəlməyəni söydür. Akifin olduğu yer, məhəllədən bir qədər qabaqda dəmir yolunun yaxınlığı olub. Ora çatar-çatmaz Akifin burun hissəsindən başım ilə kəllə zərbəsi vurdum. Xəyal isə evdən götürdüyü bıçaqla Akifin böyür hissəsindən bir zərbə vurdu. Akif yerə yıxıldı. Xəyal təpiklə Akifin başından zərbə vurdu”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal 4 il azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top