"Bu gün sülh müqaviləsi imzalana bilər, lakin gələcək üçün Konstitusiya dəyişilməlidir" — AÇIQLAMA

GÜNDƏM 07 iyn 2024, 19:45
Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanmasının mümkün olmayacağını deyib. Ölkə başçısı qeyd edib ki, Ermənistandakı qüvvələrin ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir: “Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar", - dövlət başçısı bildirib. Prezident onu da vurğulayıb ki, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır: “Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik".

Politoloq Turan Rzayevin sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana, hətta Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur.

O, Demokrat.az-a açıqlayıb ki, bunu görmək üçün Konstitusiyanın 13-cü maddəsi, həmçinin Ermənistanın Müstəqilliyi haqqında Bəyannamədə də qeyd olunan nüanslara baxmaq kifayətdir:

“13-cü maddədə Ermənistanın atributlarından bəhs olunur. Dövlət Gerbində Ermənistanın qondarma tarixi krallıqlarının xəritələri əks olunub. Bu xəritələrdə açıq şəkildə Gürcüstanın bugünkü Cavaxetiya vilayətinə, Türkiyənin şərq vilayətlərinə, Azərbaycanın da Naxçıvan və Qarabağ bölgəsinə ərazi iddiaları öz əksini tapır. Prezidentin bu fikirləri ondan xəbər verir ki, mövcud Konstitusiya ilə sülh müqaviləsi imzalamaq perspektivdə sülhün pozulmasına səbəb ola bilər. Yəni, ölkə başçısı bunu bugünkü şərtlərə görə demir, bəli, bu gün sülh müqaviləsi imzalana bilər, lakin gələcək üçün Konstitusiya dəyişilməlidir”. 

Ekspertin fikrincə, sülh müqaviləsi imzalansa belə Konstitusiyada qeyd olunan bəzi bəndlər var ki, Ermənistan gələcəkdə bürokratik və konstitusion məsələləri əsas gətirib müqavilənin qüvvədən düşməsinə yol aça bilər:

“Böyük ehtimalla yaxın 10 il ərzində Ermənistanın ərazi iddiaları davam edəcək. Bunun səbəbi Ermənistandakı siyasu şüurun, ideologiyanın dəyişməməsidir. Paşinyan hakimiyyəti müharibədən sonrakı mərhələdə “Böyük Ermənistan” xülyası, Miatsun hərəkatı, kilsənin təbliğ etdiyi ideyaları ləğv etməyə çalışır. Onu da qeyd etmək lazımdır ki, bu, hakimiyyətin müharibədən sonra gəldiyi qənaətdir. Müharibədən öncə qarşımızda yallı gedən, inaqurasiya mərasimi keçirən bir Paşinyan var idi. Paşinyan bu gün rəsmi Bakının da maraqlarına cavab verən fikirlər səsləndirir, Ermənistanı dəyişməyə çalışır. Amma böyük ehtimal o buna təkbaşına nail ola bilməyəcək. Revanşist qüvvələr yenə də mövcudluğunu qoruyacaq. Bu, 100 illik ideologiyanın nəticəsidir, hansı ki, Ermənistanı bir dövlətə çevirə bildi, işğalın təməlini atdı. 

Ərazi iddiaları davam etsə də Ermənistana Azərbaycan tərəfindən verilən cavab heç vaxt dəyişməyəcək. Çünki biz artıq müstəqilik, SSRİ-nin tərkibində deyilik. Azərbaycanın ən böyük üstünlüyü ondan ibarətdir ki, bizim savadlı, dinamik, inkişaf edən və milli ruhda yetişən gəncliyimiz var. Ümummilli lider Heydər Əliyev və onun bugünkü davamçısı İlham Əliyevin yaratdığı ideologiya gələcək hakimiyyətlər üçün də əsas təşkil edəcək və işğalçılıq cəhdlərinin qarşısını alan gücün təməlləri olacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top