"DYP-nin vətəndaşlara müraciəti başa düşüləndir" — AÇIQLAMA

GÜNDƏM 07 iyn 2024, 17:53
 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən şəxslərə müraciət edib. İdarədən bildirilib ki, hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır: "Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır”.

DYP-nin müraciətində baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmək tövsiyə olunub. Avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılıb ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, nəqliyyat vasitəsini idarə edən şəxslərin səhlənkarlığı nəticəsində turlar zamanı bədbəxt hadisələr baş verə bilər: 


“Ona görə də DYP-nin vətəndaşlara müraciəti başa düşüləndir. Vətəndaşlar da bunu anlayışla qəbul etməlidirlər. İlin istənilən dövründə bölgələrə üz tutan, istirahət etmək istəyən şəxslər turu təşkil edən şirkət barədə də ətraflı məlumata sahib olmalıdırlar. Yaxşı olar ki, tur şirkətləri əməkdaşlıq etdiyi sürücülərə də bu barədə xəbərdarlıq etsin. Turizm səfərləri ilə məşğul olan sürücülər nəqliyyat vasitələrini mütəmadi texniki baxışdan keçirməlidirlər. Uzaq yola çıxarkən nəqliyyat vasitəsi tam saz vəziyyətdə olmalıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top