"Yuxarı və orta yaşlı müəllimlər sertifikasiya imtahanlarında daha aşağı nəticə əldə edirlər" — AÇIQLAMA

GÜNDƏM 06 iyn 2024, 20:45
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib ki, sertifikasiya imtahanlarında uğur qazana bilməyən müəllimlərin çoxu orta yaş qrupuna aid olanlardır. O bildirib ki, test imtahanı mərhələsində sualların məzmununda heç bir fərq yoxdur: "Uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilir. Çünki onun öyrətmə üsulu qaneedici olmur. Keçən il 30-a yaxın müəllim müsahibə mərhələsindən keçə bilməyib".

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, sertifikasiya imtahanlarının ümumi statistik təhlilləri onu göstərir ki, daha çox uğur qazanan müəllimlər gənc nəslin nümayəndələridir. O, Demokrat.az-a açıqlamasında deyib ki, bununla belə orta və yuxarı yaş qrupuna aid müəllimlər arasında da uğurlu nəticə göstərənlər var:



 “Lakin bu, azlıq təşkil edir. Bunun da səbəbi təhsildə yeni metodların tətbiqi, yeni yanaşmalardır. Kurrikulum sisteminin tətbiqindən bu yana, yəni 2008-2009-cu illərdən başlayaraq dərs proqramları da yeniləndi. Gənclər yeni proqramlara uyğunlaşa bildilər. Nəticə etibarilə onlar yeni dərs proqramlarınəı daha yaxşı mənimsədilər və bu da imtahan nəticələrində özünü göstərir. 

Kurrikulum sistemi ilkin vaxtlarda kortəbii tətbiq olundu. Təhsilverənlərə kurrikulumun nə olduğu, tətbiqi, məqsədi barədə dolğun məlumat verilmədi. Bəzi müəllimlər öz üzərilərində işlədilər, müəyyən təlimlərə, treninqlərə qoşuldular və lazımı bilik və bacarıqlara yiyələndilər. Tənbəllik edənlər isə prosesdən geridə qaldı”.

Ekspert düşünür ki, gələcəkdə keçirilən sertifikasiya imtahanlarında daha uğurlu nəticələr əldə olunacaq:

“2019-cu ildə ilk dəfə kurrikulum əsasında ali məktəblərə qəbul imtahanları keçirildi. Həmin il pedaqoji ixtisaslara qəbul olan şəxslər kurikulum sisteminin yetirmələri idi. 2023-cü ildə onlar artıq məzun oldular və ötən ildən pedaqoji fəaliyyətə başlayıblar. Fikrimcə, 5 il sonra sertifikasiya imtahanlarlnda onların əksəriyyəti yüksık nəticə qazanacaq. Orta yaşlı müəllimlər də özlərini inkişaf etdirsələr yaxşı olar”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top