Bakıda ərinə xəyanət edən qadın evdən qaçdı —TƏFƏRRÜAT

KRİMİNAL 04 iyn 2024, 13:11
Bakının Xəzər rayonunda 1981-ci il təvəllüdlü Elşən qısqanclıq zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Tahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşən 11 yanvar 2024-cü ildə, axşam saatlarında qardaşı Abbasın  arvadı Tahirənin qonşuluqda yaşayan Murad ilə telefonla danışıb, sonra isə görüşərək yaxın intim münasibətdə olması səbəbindən onunla mübahisə edib. 

Bu zaman o, yaşadıqları Binə qəsəbəsi, Binə Sovxoz yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə Tahirəni qovub. Sonra isə Tahirənin Muradın yaşadığı evdə olduğunu öyrənib. 

Elşən yanvarın 12-də, saat 21.30-da Muradın evinə gedib. O, Murad və Tahirənin orada olduqlarını görüb. Bu vaxt Elşən qadınla söhbət edərək uşaqları ona verməsini tələb edib. Tahirə buna etiraz etdiyi üçün onunla evin həyətində söhbətini davam etdirərək həyətin qaranlıq yerinə aparıb. 

Aralarında şəxsi münasibətlərin pozulması səbəbindən yaranmış mübahisə zəminində Tahirənin bədəninin müxtəlif nahiyyələrinə əli ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Tahirə onun qardaşının arvadı olub: “Qardaşım Tahirənin telefonla danışmağının şahidi olub və mənə xəbər verib. Mən də qardaşımgilə getmişəm. Həmin vaxt qardaşımın uşaqları məktəbdə olub. Qardaşım uşaqları məktəbdən gətirmək üçün gedib. Sonra uşaqları evə gətirib. Mənə sonradan Tahirənin evdən qaçması məlum oldu. Tahirə evdən qaçandan sonra Muradın yaşadığı evə getdim. Ora getməkdə məqsədim Tahirəyə belə problemlər yaratmamasını demək istəməyim olub”. 

Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt Tahirə ilə Muradın evdə olduğunu görüb: “Tahirədən uşaqları istədim. Sonra ona bildirdim ki, Binə qəsəbəsini tərk edib Cəlilabad rayonuna getsin. Tahirə uşaqları verməyəcəyini və Cəlilabad rayonuna getməyəcəyini bildirdi. Həmin vaxt aramızda sözlə mübahisə baş verdi. Bu zaman Tahirənin qardaşları ilə əlaqə saxladım. Onun etdiyi hərəkət barəsində qardaşlarına dedim. Onlar bacısından imtina etdiklərini bildirdilər. Daha sonra bu barədə Tahirənin atasına dedim. Mən usta işlədiyim yerdən çıxan zaman təsadüfən işdə işlətdiyim kağız bıçağını əynimdə olan qara rəngli gödəkçənin sol yan cibinə qoydum. sol əlim bir neçə il bundan əvvəl kəsildiyi üçün hazırda tam olaraq işlədə bilmirəm. Mən sol əlimi cibimdən çıxardan zaman cibimdə olan kağız bıçağı təsadüfən yerə düşdü. Əyilib bıçağı yerdən götürdüm. Həmin vaxt Tahirə bıçağı yerdən götürdüyümü gördü. Tahirə mənim yerdən bıçaq götürdüyümü görərək hər iki əlini hərəkət etdirməyə başladı. Həmin vaxt mənim sol əlimdə olan kağız bıçağın Tahirənin sağ qoluna dəyməsini ehtimal etmişəm. Bundan sonra isə oradan getdim. Həmçinin Tahirənin sinəsinə əlim ilə vurmamışam, qəsdən ona heç bir xəsarət yetirməmişəm”.

İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, hadisə baş verməmişdən əvvəl evdə əri Abbas ilə dava-dalaşı olub: “Bundan sonra ərim qaynım Elşəni çağırdı. Elşən gələnə kimi yoldaşım məni döydü. Həmin vaxt evdə azyaşlı uşaqlarım olub. Elşən gələndən sonra mənə “ya get özünü öldür, ya da evi tərk elə” dedi. Bundan sonra Muradı çağırdım. Murad gələrək məni və azyaşlı uşağımı görürərək qardaşının evinə apardı. Bundan bir gün sonra digər iki uşağım da yanıma gəldi. Uşaqlarım yanına gələndən sonra qaynım Elşən ora gəldi. Birinci normal danışdı, artıq-əksik heç nə danışmadı. Sonra evin həyətinə söhbət etmək üçün çağırdı. Mən isə inanıb, güvənərək onunla həyətə getdim. Bir qədər Elşənlə söhbət etdikdən sonra cibindən nəsə çıxartmağa çalışdığını hiss etdim. Ondan bir qədər uzaqlaşdım. Elşən isə mənə “yaxın gəl, söhbət edirəm” dedi. Bu zaman Elşən cibindən çıxartdığı bıçağa oxşar əşya ilə sinəmdən, qolumdan və ayağımdan vurdu. Həmçinin məni təhqir etdi. Həmin vaxt Elşənin içkili olduğunu hiss etdim. Elşən məni vurduqdan sonra qışqırdım. Səsə evdəki uşaqlar, Murad və evdə olan digər adamlar gəldi. Elşən məni heç bir səbəb göstərmədən vurdu”. 

Zərərçəkmiş şəxs bildirib ki, hadisə baş verən vaxt evdə uşaqları, Murad, Muradın qardaşı və qardaşının arvadı olub: “Həmin ev Muradın qardaşına məxsus olub. Qışqırdıqdan sonra evdəki adamlar gələn zaman Murad oradan qaçdı”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top