IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

SOSİAL 02 iyn 2024, 12:45
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Sevincini bölüş” kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib.

Bu barədə Demokrat.az-a IDEA İctimai Birliyindən bildirilib.

IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir."1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil olunan aksiya çərçivəsində həmin qutulara toplanılan oyuncaqlardan ibarət 61 hədiyyə qutusu "Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb.

IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası yaradan həmin təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını bildirir.

Məlum olduğu kimi, IDEA İctimai Birliyi tullantıların azaldılması, təkrar istifadəsi və emalına xüsusi önəm verir, həmin istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə sosial layihələr həyata keçirir.

Digər məhsullar kimi, yüksək tələbata malik oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.

Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz "sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara "ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.

Qeyd edək ki, "Sevincini bölüş” oyuncaq ianə qutuları paytaxt ərazisindəki "Dəniz Mall”, "Gənclik Mall”, "28 Mall”, "Zefir Mall” ticarət mərkəzlərində yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyn 2024, 15:59
Top