FHN-də fövqəladə hallar könüllülərinin təltifetmə mərasimi keçirildi

DAXİLİ SİYASƏT 29 may 2024, 18:27
Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və fövqəladə hallar könüllüləri iştirakı ilə könüllülərinin təltifetmə mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, tədbirdə çıxış edən nazir könüllülük hərəkatının Azərbaycanda başlanmasının və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyinin ilk illərindən etibarən insan amilinə verilən dəyər, gənclərə göstərilən qayğı, təhsildə və ictimai işlərdə fərqlənən gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, onların inkişafı üçün hərtərəfli şəraitin yaradılması həm də könüllülük hərəkatının başlanmasına və sonrakı illərdə inkişafına təkan verib.

K.Heydərov, bu gün Azərbaycanda gənclərin inkişafı, onların potensialından səmərəli istifadə və könüllülük fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu istiqamətdə zəruri hüquqi bazanın formalaşdırıldığını diqqətə çatdırıb.

Nazir gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, o cümlədən könüllülük fəaliyyətinin təşəkkül tapmasında göstərdiyi böyük xidmətləri və reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Ölkəmizdə könüllü təşkilatlarının təşəkkül tapması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramının formalaşdığını qeyd edən nazir, könüllülərin ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki təlimlərə cəlb olunaraq yanğın təhlükəsizliyi, mülki müdafiə, maarifləndirmə, ilkin yardım və digər istiqamətlər üzrə geniş təcrübə qazandıqlarını qeyd edib.

K.Heydərov çıxışının sonunda bu humanist təşəbbüsün davamı olaraq “Fövqəladə Hallar Könüllüləri” proqramı çərçivəsində növbəti qrup könüllülərin artıq seçildiyini diqqətə çatdırıb, fövqəladə hallar sahəsində praktik vərdişlərə həvəslə yiyələnən, eyni zamanda müsabiqədə uğur qazanan fövqəladə hallar könüllülərini təbrik edib, onların ölkə əhalisinin və ərazilərinin fövqəladə hallardan etibarlı şəkildə qorunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub, proqramı uğurla başa vuran könüllülər estafeti müsabiqədən uğurla keçmiş növbəti qrup könüllülərə ötürüblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top