Tarixə və ya tarixi səyahət: Samsunda yaşayan gürcüəsilli müsəlman türklər

TURİZM 27 may 2024, 18:11
Türkiyənin ən uzun ikinci çayı – Yeşilirmak mənzərəsinə açılan evin həyətində oturmuşuq; Samsun – Ayvacıkda, Çatal kəndində. Ev yiyəsi mənə şəxsi kitabxanasından iki kitab hədiyyə edib və indi onları yadigar qalması üçün imzalayır. Arxa fonda 3 dildə – Azərbaycan, Türk və Gürcü dillərində qarışıq söhbət Stalindən gedir:

“O cani idi…Minlərlə ziyalının qətli üçün imzalar atmışdı”.



Mənə təəccüblü gəlir, düşünürdüm ki, gürcülər İosif Cuqaşvili və ya sonradan götürdüyü adla İosif Stalini vətənlərinin qəhrəmanı hesab edirlər. Yanılmışam. Hər halda dinləməyə davam edirəm:

Osmanlı-Rusiya müharibəsi;

Çərkəzlərin və gürcülərin bu torpaqlara köçü;

Atatürk;

Hazırki siyasi olaylar və iqtisadiyyat…

Söhbət öz axarındadır. Masa arxasında oturan insanların bir çoxu bir-birini ilk dəfədir görür. Buna baxmayaraq müzakirələr olduqca səmimidir; Dil, din, mənsəb, vəzifə, siyasi partiya, irq fərqi olmadan.

“Samsun İkiztepe Sağlık Zirvesi”

Azərbaycan nümayəndə heyətinin Samsuna gəliş səbəbi bu tədbirlə bağlı idi. Mayın 15-18 tarixlərində Samsunda II Beynəlxalq «Samsun İkiztepe Sağlamlıq Sammiti» keçirilir. Bu sammit daha çox səhiyyə və sağlamlıq turizmi ilə əlaqədardır.

Hər kəsə məlumdur ki, Samsun Türkiyə Cümhuriyyəti tarixində xüsusi rola malikdir. Buna səbəb, Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün milli mübarizəyə məhz bu şəhərdən başlamasıdır.



Qısaca tarixə nəzər salaq:

Professor Vahdettin Enginə istinadən:


“Mustafa Kamal Paşa yola düşməzdən bir gün əvvəl İzmir işğal olunur.

Mayın 16-da tezdən bacısı ilə sağollaşıb anasının əlindən öpür və Şişlidəki evindən çıxır. Bandırma gəmisi Qız Qalası (Kız Kulesi) sahillərində onu gözləyir. İngilislər gəmidə axtarış aparır. Onlar gedəndən sonra dostlarına deyir:

“Bu axmaqlar ancaq polad və dəmirə güvənir, azadlığı uğrunda ölməyə hazır olan bir xalqın gücünü anlaya bilməzlər. Biz oraya heç bir silah və ya sursat aparmırıq, ağlımızı və imanımızı götürürük”.

Bunlar milli mübarizə ruhunu əks etdirən sözlərdir.

Hazırda Samsunda Atatürkün gəldiyi gəmi – Bandırma muzeyi fəaliyyət göstərir. Bundan əlavə Mustafa Kamalın ilk sahilə endiyi yer “Tütün iskelesi” adlanır ki, burada həmin səhnəni təsvir edən heykəllər və informativ tablolar var. Hər il mayın 19-da bu ərazidə səhnəcik nümayiş etdirilir.

Bandırma gəmisi və “Tütün iskelesi” barədə videoreportaj.

Gürcü əsilli türklərlə tanışlıq…

Tədbirin sonuncu günü AHHTSA sədri Ruslan Quliyev məni burada yaşayan gürcü əsilli türklərlə, daha doğrusu Çarşamba Gürcü Mədəniyyət Dərnəyinin qurucusu Ömer Semizlə tanış edir.

Birlikdə – AHHTSA sədri Ruslan Quliyev, Gürcüstan Kənd Təsərrüfatı Nazirinin müşaviri Jamal Putkaradze, vəkil İbrahim Uğur Aşar və mən yola düşürük Çarşambaya. Bura Samsunun ən böyük rayonlarından və gürcü əsilli türklərin sıx yaşadığı məskənlərdən biridir.

Çarşambada yaşayan gürcülərin məktəbləri olmasa da onlar bu dili valideyinlərindən, nənə-babalarında öyrənməyə, övladlarına ötürməyə çalışırlar. Samsunun məşhur yeməyi “Pide”nin bir neçə növünü – quşbaşı, bastırmalı, pendirli qapalı, ətli qapalı dadandan sonra yolumuza davam edirik.



Barajlar yəni bəndlər…

Təbiətə vurğun insanlar üçün Samsunun görməli yerləri Çarşambadan 25-30 dəqiqəlik məsafədə  başlayır. Məqsədimiz Hasan Uğurlu və Suat Uğurlu bəndlərini görmək, Abdullah Yılmaz bəyin evində türk qəhvəsi içməkdir.

Əvvəlcə onu deyim ki, Hasan Uğurlu dövrünün ən tanınmış mühəndislərindən biridir. Süleyman Dəmirəlin sinif yoldaşı olub. Adını daşıdığı bənd onun başçılığı ilə 1971-1981-ci illər arasında tikilib. Bənddəki su anbarlar vasitəsilə daşınmır, dağda bəndin yanındakı tunel vasitəsilə daşınır və turbinlərlə vurulur. Bu baxımdan bənd dünyada unikaldır.



Suat Uğurlu bəndi isə 1975-1982-ci illərdə inşa edilib. Adın verilməsinin isə dramatik tarixi var:

Hasan Uğurlu və həyat yoldaşı Suat Uğurlu bəndin tikintisindən sonra avtomobil qəzasında vəfat edirlər.

Rusiya-Osmanlı müharibəsi. Xalqların köçü, Abdullah Yılmaz…

24 aprel 1877 ildə Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələnir.

Beləcə, Balkanlarda və Qafqazda yaşayan 1 milyondan çox Osmanlı vətəndaşı qaçqın vəziyyətinə düşür, müharibə zamanı və sonrasında Anadoluya böyük köç dalğaları başlayır.

Bundan əlavə, hazırki Gürcüstan ərazisində yaşayan müsəlman lazlar və gürcülər də Osmanlı torpaqlarına köçməli olurlar.

Onu da qeyd edim ki, bundan öncə 1864-cü ildə məhz çərkəzlərin də Osmanlı torpaqlarına məcburi köçü və sürgünü həyata keçirilib.

Abdullah Yılmazın da baba-nənələri 1877-78-ci illərdə köçən gürcülərdəndir. İndi onun özünün 74 yaşı olsa da nənəsindən öyrəndiyi gürcü dilini olduqca səlis və aksentsiz danışır. Hər halda bunu ona Gürcüstanın hazırki Kənd Təsərrüfat nazirinin müşaviri Jamal Putkaradze deyir.

Ümumiyyətlə Abdullah babanın yaşadığı kənddə – Çatakda bir çox ailələr gürcü əsillidir. Müsəlmandırlar və Türk adət-ənənəsini mənimsəyiblər. Tarixi köklərini unutmurlar, ən böyük arzuları da nəvələrinin, nəticələrinin gürcü dilini öyrənməsidir.



Vaxtımız daralır, gecə Bakıya qayıdacayıq. Abdullah baba Afet İnanın “Atatürk hakkında hatıralar ve belgeler” və Kemal Tahirin “Devlet Ana” kitablarına xatirə sözlərini yazıb bitirir. Nəvəsi və dostları bizim üçün bağdan alça toplayır, xanımının hazırladığı peçeniyalardan bizə yolluq düzəldir.

Günün sonuna yaxın atadan qızına yadigar qalan “Dereiçi Tesis”ləri, gün batımı və Yeşilırmak çayının bənzərsiz mənzərəsi, iki növ balıq yeməyi, gün boyu baş verənlərin, onlardan qalan xoş xatirələrin verdiyi müsbət hisslər.

Əslində, xalqlar necə də bir-birinə yaxındır, doğmadır. Faciələri də sevincləri də oxşardır. Əslində, bu dünyaya yaraşan ən böyük gözəllik sülhdür… (mediaplus.az)





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top