Müştərilər arasında dava: Bir nəfər xəsarət aldı, üç nəfər isə...

KRİMİNAL 24 may 2024, 13:36
Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elnura xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 dekabr 2022-ci ildə, gecə saat 2 radələrində Buzovna qəsəbəsi, Albalılıq küçəsində yerləşən “111 Restoran” adı ilə fəaliyyət göstərən kafedə baş verib. 

Ceyhun Elnur  ilə aralarında sonuncunun onunla kobud rəftar etməsi səbəbindən yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla qəsdən bir neçə dəfə onu vurub. 

Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 29-da yaşadığı qəsəbənin yol kənarında “111 restoran” adı ilə fəaliyyət göstərən kafeyə tanışı Muradın yanına gedib: “Kafeyə daxil olan zaman gördüm ki, Murad masaların birində tək əyləşib. Muradın masasına əyləşdim və iki bakal pivə içdim. Bundan bir neçə dəqiqə sonra adını bilmədiyim, lakin üzdən tanıdığım tanışımız mənə yaxınlaşdı və məni öz masasına dəvət etdi. Həmin şəxslə razılaşdım və onun əyləşdiyi masaya getdim. Həmin masada başqa bir şəxsdə var idi. Bir qədər həmin masada əyləşdim və həmin masaya tanımadığınm iki-üç nəfər də gəlib əyləşdi. Masanın baş tərəfində əyləşdim. Həmin masada əyləşən zaman yemək yedim və masanın sağ tərəfində əyləşən, sonradan adını bildiyim Elnur mənimlə pis rəftar etdi. Həmin vaxt artıq dekabrın 30-a keçən gecə saat 2 radələri olardı. Elnur dedi ki, nəyə görə masada əyləşəndə onunla salamlaşmamışam. Elnurun sərxoş olmasını nəzərə alıb oradan aralaşmaq istəyirdim. Masadan qalxıb kafenin çölə çıxış olan qapısına tərəf gedəndə kafedə qardaşım oğlu Ramalı Muradın yanında gördüm. Həmin vaxt mənimlə masada mübahisə edən Elnurun yanlarında olmasını gördüm. Elnur orada bizə qarşı ana-bacı söyüşü söydü, tanışım Muradı sifət nahiyyəsinə yumruqla vurdu. Həmin vaxt Elnurun bu hərəkətlərinə dözmədim, üzərimdə gəzdirdiyim bıçaqla Elnurun bədəninin sol tərəfindən dörd dəfə zərbə vurdum. Elnuru bıçaqla vurduqdan sonra etdiyimdən peşman oldum, həmin yerə həkim çağıraraq onu xəstəxanaya yola saldım”.

İş üzrə zərərçəkmiş Elnurun sözlərinə görə, dekabrın 30-də unutduğu telefonu götürmək üçün Buzovna ərazisində yerləşən “Restoran 111” kafesinə qayıdıb: “Telefonumu götürmək üçün yaxınlaşdığım həmin stolda Ceyhun da olub. Restorandan çölə çıxdıqda Ceyhun yaxamdan tutdu, ətrafdan “o deyil” ifadəsini eşitdim. Bundan sonra təklənməyə başladılar. Üzərimə stol atılmış, üç-dörd nəfər arxadan təpik, yumruqla məni vurmağa başladılar. Ceyhunu hadisə zamanı görmədim. Orada kamera görüntüləri olub və polis əməkdaşları şəxsin kim olduğunun göründüyünü bildirdlər. Əfqan, Ramal, Murad adlı şəxsləri tanımıram və onlarla əlaqəm olmayıb. Hadisə zamanı içkili olmamışam. Özüm Mənzil Kommunal Təsərrüfat Birliyində də işləyirəm. İçki içməyimə görə məni işdən çıxara bilərdilər”. 

Elnur qeyd edib ki, hadisə zamanı üç nəfər tutulsa da, sonradan iki nəfər azadlığa buraxılıb: “Hadisəyə səbəb mənim Ceyhuna “bespantovı” sözünü işlətməyim olub ki, bu söz də rus dilindən tərcümədə düşüncəsiz mənasını verir. Guya ki, mən gəlib Ceyhunun oturduğu yerə yaxınlaşdım, onun həmin yerdən durmasını tələb etmişəm. Amma belə bir hadisə baş verməmyib. Mən stoldan telefonunu götürüb çölə çıxanda sonra yaxamdan tutublar. Mən özümü qorumaq üçün müqavimət göstərmişəm. Hadisə yerindən uzaqlaşdıqdan sonra isə üzərindən qan axdığını gördüm. Daha sonra xəstəxanada 4 bıçaq zərbəsi aldığımı bildim. Ceyhunu vurmamışam, söyməmişəm və təhqir etməmişəm”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhun 3 il 6 ay azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top