“Paşinyan noyabrda Bakıya gələcək, bunu özü də istəyir” — YAP-çı deputat TƏSDİQLƏDİ

SİYASƏT 16 may 2024, 17:00
Bu günlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov maraqlı açıqlama verib. Millət vəkilinin sözlərinə görə, böyük ehtimalla bu ilin noyabr ayına qədər, yəni Bakıda keçiriləcək COP29-a qədər sülh sənədi imzalana bilər.

Deputat qeyd edib ki, bu halda Paşinyan Ermənistan nümayəndə heyəti ilə Bakıya, COP29 tədbirinə gələcək:

“COP29 tədbirinin Azərbaycanda keçirilməsi müqabilində Ermənistanın da bu təşkilatın büro üzvlüyünə seçilməsinə razılıq verilib. Belə olan halda Ermənistan Baş nazirinin Bakıya gəlməsi də mümkündür”.

“Bu məsələni ilk olaraq Rasim müəllim qaldırmayıb”

Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov həmkarının fikirləri ilə bağlı Konkret.az-a açıqlama verib:



“Rasim müəllimin qeyd etdiyi məqamları ilk öncə cənab Prezident bildirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, COP29-a qədər sülh müqaviləsinin imzalanması mümkündür. Əlbəttə, sülh müqaviləsi imzalanacağı təqdirdə Paşinyan Bakıya gələcək, hətta Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin də Bakıya dəvət alıb. Yəni bir-birinə düşmən olan 3 qüvvənin ölkəmizə gəlməsi mümkündür. Demək istədiyim odur ki, bu məsələni birinci Rasim müəllim qaldırmayıb, əvvəlcə sülh müqaviləsinin COP-29-a qədər imzalana biləcəyi barədə Azərbaycan Prezidenti məlumat vermişdi”.

“Paşinyan da Bakıya gəlmək istəyir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da noyabra qədər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ehtimalının yüksək olduğunu düşünür:



“Bu baş verərsə, Nikol Paşinyanın iqlim dəyişikliyi ilə bağlı Bakıdakı beynəlxalq konfransa qatılması ehtimalı da yüksələcək. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan sülh quruculuğu ilə məşğuldur, sərhədlər müəyyənləşdi, kəndlər geri qaytarıldı, dirəklər basdırıldı. Düşünürəm ki, sülh müqaviləsinin imzalanmaması üçün heç bir maneə yoxdur, əksinə prosesi sürətləndirməyə ehtiyac var. Paşinyan da sazişin noyabr ayına qədər imzalanmasını istəyir. Hiss olunur ki, onun özü də Bakıda keçiriləcək tədbirdə iştirak etmək istəyir. Biz də bu məsələdə maraqlıyıq. Bölgədə sülh olmalıdır ki, regional əməkdaşlığa start verilsin. Beləliklə, Prezident İlham Əliyevin “Qafqaz evi” ideyası da reallığa çevrilsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top